Çini Ukraynaya qarşı müharibəyə qoşulmayacağını açıqlamağa nə vadar etdi? – Politoloq SƏBƏBLƏRİ AÇIQLADIbackend

Çini Ukraynaya qarşı müharibəyə qoşulmayacağını açıqlamağa vadar etdi? - Politoloq SƏBƏBLƏRİ AÇIQLADI

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Ukraynadakı nümayəndəsi Fan Syanjun Lvov Regional Hərbi Administrasiyasında keçirilən iclasda bildirib ki, Çin heç vaxt Ukraynaya hər hansı hücumda iştirak etməyəcək və Ukraynanı hər zaman iqtisadi və siyasi cəhətdən dəstəkləyəcək. Səfir həmçinin əlavə edib ki, Çin və Ukrayna strateji tərəfdaşdır və Çin Ukrayna xalqı üçün dost ölkədir.

Bəs görəsən, səfirin sözügedən açıqlamasının arxasında hansı həqiqətlər dayanır? Rusiya ilə yaxın münasibətləri olan Çin bununla nə demək istəyir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Çinin belə bir bəyanat verməsi tamamilə təbiidir:

“Müharibə edən dövlətə təkcə hərbi yardım lazım deyil. Çin Ukrayna mövzusunda Rusiya ilə əməkdaşlıq etməyə və hərbi yardım göndərməyə bilər. Bu gün Rusiya dar çevrəyə alınıb. O çevrə hər tərəfdən mühasirədədir. Putinin Çinin hərbi yardımına ehtiyacı yoxdur. Lakin Rusiya Çinin iqtisadi yardımına möhtacdır. Məlumdur ki, Çin həmişə iqtisadiyyat üzərindən siyasət yürüdüb. Heç vaxt və heç bir halda kiminləsə hərbi qarşıdurmaya getmir. Hətta Ukraynanın yerində başqa bir dövlət olsaydı belə, səfir eyni fikirləri səsləndirəcəkdi. Yəni Çinin belə bir bəyanat verməsi tamamilə təbiidir və buna təəccüblənmək lazım deyil”.

Politoloq bildirib ki, Çin heç bir dövlətə qarşı müharibəyə qoşulmayacaq:

“Rusiya hansısa dövlətlə müttəfiqlik edə və ya müharibə apara bilər. Çin rəsmilərinə bu sualın verilməsində əsas məqsəd onun Rusiyaya yardım edib-etməyəcəyini öyrənməkdir. Hesab edirəm ki, Çin nəinki Ukraynaya qarşı, ümumiyyətlə, heç bir dövlətə qarşı müharibəyə qoşulmayacaq. O ancaq öz ərazi bütövlüyünü və sərhədlərinin təhlükəsizliyini qorumaq üçün müharibə edə bilər. Məsələn, Çin Tayvan məsələsində ABŞ-la müharibə edə bilərdi. Lakin onun başqa bir dövlətin tərəfində müharibəyə qoşulması mümkün deyil”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*