Tacikistan parlamentinin aşağı palatasının Tacikistanın Daxili İşlər və Çinin İctimai Təhlükəsizlik nazirlikləri arasında imzalanmış razılaşma əsasında Çinin hərbi baza yaratması haqqında qərarı qəbul etməsi beynəlxalq siyasi ekspetlər və bir sıra dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Tacikistan daxili işlər nazirinin birinci müavini Abdurahmon Alamşozoda isə deyib ki, baza ölkənin Çevik Reaksiya Qrupu xüsusi qüvvələrinin istifadəsində olacaq.
Mövzunu KONKRET.az-a şərh edən Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli bildirib ki, Çin dünya siyasətində öz yerini getdikcə gücləndirən böyük dövlətdir: “Təbii ki, qonşu ərazilərdə, xüsusən Mərkəzi Asiyada dayaqlarının möhkəmlənməsi Çinin əsas hədəfləri sırasındadır. Amerika əsgərlərinin regiondan çıxması Çinin buradakı geosiyasi manevr imkanlarını genişləndirib. Pekin bu coğrafiyada indiyə qədər təkcə iqtisadi, siyasi, mədəni srategiyasını icra edirdisə, artıq hərbi vasitələrlə ekspansiyasını gücləndirir. Əlbəttə ki, Mərkəzi Asiyaya uzun illər ərzində milyardlarla dollar maliyyə vəsaiti qoyulması boşuna deyildi. Tacikistanda Çinin hərbi baza qurması məsələsi isə əslində yeni deyil. Bu barədə ötən il Rusiya mətbuatında da məlumatlar dərc olunmuşdu. Sadəcə hər iki tərəfin məlumatları danmasının səbəbi Tacikistanın KTMT üzvü olması, təşkilat nizamnaməsinə uyğun olaraq başqa dövlətin hərbi bazasına icazə verməsinin qadağan edilməsi, Çinin isə Mərkəzi Asiya dövlətləri ilə yalnız iqtisadi sahədə əməkdaşlıq edəcəyi barədə verdiyi vədlərlə bağlı idi. Çinin dünyada supergüc ölkə olması və ABŞ kimi dövlətlə hədəflərinin qarşı-qarşıya gəlməsi, onun Mərkəzi Asiyada möhkəmlənmə cəhdlərinin qeyri-adi olmadığını göstərir”.

Anar Əsədli əlavə edib ki, burada yalnız ABŞ faktoru keçərli deyil: “Əvvəla Talibanın Əfqanıstanda hakimiyyəti ələ alması və uzun illər terrorçu təşkilatı kimi tanınan qurumun bölgədə nüfuz imkanı qazanması Çini narahat edir. Üstəlik uyğur türkləri ilə qonşu ərazidə Talibanın möhkəmlənməsi “Şərqi Türküstan İslam Hərəkatı”nın daha da radikallaşmasına yol aça bilər ki, bunun da qarşısını almaq üçün Çin ilk öncə Talibanla danışıqlara getməyə çalışdı. Uyğur türkləri ilə mübarizəyə dəstək qarşılığında Əfqanıstana investisiya qoyulacağı vədləri verildi. Təbii ki, burada uyğur faktorundan ziyadə, Əfqanıstanın dəyəri yüz milyard dollarla ölçülən zəngin yeraltı sərvətlərinə sahib olması amili də keçərlidir. Görünür ABŞ qüvvələri bölgədən çıxsa da, hələ nüfuzu hakim olaraq qaldığı üçün Taliban Çinlə razılığa getmədi. Çinin Tacikistanda hərbi baza qurması bir tərəfdən uyğur faktoru ilə həm də ona görə bağlıdır ki, uyğurların Mərkəzi Asiya, Qafqaz və Anadolu türkləri ilə etnik, tarixi, mənəvi və mədəni əlaqələri mövcuddur. Bu əlaqələr gələcəkdə “Şərqi Türküstan İslam Hərəkatı”nı Pekin üçün təhlükə qaynağına çevirir. Ona görə də, Mərkəzi Asiyada nüfuzun gücləndirilməsi bu təhlükənin də qarşısını almış olur”.

AY Partiya Başqanının sözlərinə görə, Çinin Mərkəzi Asiya planları içərisində Rusiya da əsas yer tutur: “Baxmayaraq ki, Moskva Pekini bir sıra qlobal geosiyasi proseslərdə dəstəkləyir, Mərkəzi Asiya məsələsində onun öz maraqları mövcuddur. Rusiya bilir ki, Çinin maliyyə imkanları daha genişdir və rəsmi Pekin regional miqyaslı maliyyə strukturu yaratmağa cəhd edir. Moskva isə bunu özünün geosiyasi strateji maraqlarına uyğun gəlməyən addım kimi qiymətləndirir. Bu toqquşma da özünü Mərkəzi Asiya siyasətində büruzə verir. Bundan əlavə, son illər qırıcı təyyarələrin və kosmik cihazların hazırlanmasında Pekin xeyli uğurlar əldə edib. Mərkəzi Asiya dövlətləri üçün terrorla mübarizə məsələsinin çox əhəmiyyət daşıdığını nəzərə alsaq, Rusiya Çinin silah bazarında müvafiq regionda onu üstələyəcəyindən qorxur ki, bu həm də KTMT-nin zəiflədilməsi məqsədi daşıyır. Qısacası, Çin Mərkəzi Asiyaya sadəcə “xammal mənbəyi” kimi baxmır, həm də rəqabət apardığı supergüclərin nüfuzuna zərbə vurmaq üçün platsdarm olaraq istifadə edir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
