Dağlıq Qarabağla bağlı MÜƏMMA – Buna indiyə qədər niyə nəzər yetirməmişik?backend

Dağlıq Qarabağla bağlı MÜƏMMA - Buna indiyə qədər niyə nəzər yetirməmişik?

Mirzə Rəşad Bakuvi

ABŞ diplomatı sərhədlərimizi tanımır?! …yaxud Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan zəncirində  olan sərhədlərimiz daha beynəlxalq səviyyədə qəbul olunmur?

Əvvəlcə cümləyə diqqət:

“Hərbi toqquşma təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verib. Niyə indi olub, cavablandırılmamış əsas sual budur”, – deyə ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland deyib.

R.Hoqland bu açıqlamanı xeyli müddət qabaq verib, ancaq mövzu aktual olduğu üçün bir daha qayıtmaqda fayda var. O, başqa sərsəm təkliflər də verib, ancaq indi müzakirə edəcəyimiz mövzu bu deyil.

DİQQƏT EDIN:

– …diplomat “təmas xətti”ni elə özəl vurğulayır ki, sanki orada baş verəcək hərbi toqquşma son dərəcə təbii hadisə sayılacaq, yəni hamı tərəfindən  gözlənilən hərbi toqquşma kimi. Məsələnin qaranlıq görünən tərəfi odur ki, 12-17 iyul tarixində partlaq verən hərbi toqquşmanın başvermə nöqtəsini diplomat “Ermənistan-Azərbaycan sərhədi” kimi qabartmaqla (…guya sərhəddə hərbi toqquşma ola bilməzmiş, olubsa da, fövqəladə bir hadisəymiş, sən demə, təptəzə olaydır, heç başımıza gəlməyibmiş kimi və s.), sanki fövqəladə bir beynəlxalq böhran vəd edən olayın baş verdiyi şəklində qiymətləndirir. Düzdür, belə bir toqquşmanın həqiqətən yeni bir təmas nöqtəsində bu miqyasda baş verməsi yeni hadisədir və beynəlxalq rezonansa səbəb olması anlaşılandır. Ancaq axı Ermənistanla Azərbaycan arasında oxşar sərhəd pozuntusu, sərhəd boyu döyüşlər və ya sərhəddə genişmiqyaslı hərbi toqquşmalar ilk dəfədirmi baş verir?

Başa düşürəm, indi hamı bir ağızdan deyəcək ki, axı burada qaranlıq olan nə var, bəs adam demək istəyirmiş ki, hərbi toqquşma bugünədək niyə işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda deyil, nədənsə başqa sərhəd rayonumuzda baş verib?! Bunu da anlamaq olardı, ancaq ortaya atılmış bir hiyləni aşkar etməsəydim və neçə vaxtdı bununla bağlı həyəcan təbili çalmasaydım.

Anlamadığım bir məsələ var: Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanı bu xarici diplomatlar daha Azərbaycanla Ermənistan arasında rəsmi sərhəd hesab etmirlər?! İşğal olunmuş bu rayon və şəhərlərimiz artıq bizim rəsmi sərhəd məntəqələrimiz hesab olunmur ki? Maraqlıdır, bu hiyləgər diplomatın “təmas tətti” dediyi “XƏTT” haradan başlayıb, harada bitir?! Buna aydınlıq gətirmək lazımdır! Çünki məsələyə elə bir giriş edilir ki, sanki, sən demə, görünməmiş bir hadisə baş verib, nə olub-nə olub, SƏRHƏDDƏ HƏRBİ TOQQUŞMA olub! Sən demə, bu toqquşma Dağlıq Qarabağ və ətrafındakı rayonlarda partlasaymış, sıradan bir olay olacaqmış! Maraqlı sual meydana çıxır. Bəs yaxşı Kəlbəcər, Laçın, QubadlıZəngilan beynəlxalq səviyyədə tanınan sərhədlərimiz deyil? Orada heç nə olmayıb? Bəlkə biz erməniləri bu sərhəd qapılarımızda qırmızı xalça, milli rəqs qrupu ilə, davul-zurna, xonçayla qarşılamışıq, xəbərimiz yoxdur?!

Fikir verirsinizsə, bu, mənim çox az əvvəl münaqişənin beynəlxalq səviyyədə sanksiyalaşdırılmış adıyla bağlı yazdığım başqa bir yazıda qaldırdığım məsələnin bir daha davamı kimi meydana çıxır. Nədir bu məsələ? Deməli, uzun illərdir Ermənistanla Azərbaycan arasındakı münaqişəyə ermənilərin və havadarları olan beynəlxalq təşkilatların birlikdə qoyduğu bir ad var:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”.

Təəssüf ki, bizim diplomatlar, baş nazir, parlamentin sədri, millət vəkilləri, dövlət məmurları, siyasilər, cəmiyyət, media, müxalifət, ekspertlər, hərbçilər – bir sözlə, hamı bu tələyə düşərək, münaqişəni məhz yuxarıdakı kimi adlandırıblar, səsləndiriblər, yazıblar, pozublar; halbuki bu yanaşma və adlandırma məğlubiyyətdir, bəri başdan torpaq itkisidir, qanunlara və ən əsası bizim Konstitusiyamıza daban-dabana ziddir. Məhz bu adlandırma bizim öz əlimizlə hansısa şərtlər daxilində Qarabağımızı düşmənə peşkəş etməyə  bərabərdir! Amma nədənsə görməzdən gəlirik. Buna susmaq və dözmək isə, məncə, xəyanətdir!

BİR DAHA BAXIN:  “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”.

Fikir verin, sanki bu dırnağın içində iki ayrı münaqişə barədə mövzu var! Sanki Azərbaycanın Ermənistanla ayrıca bir torpaq davası, “Dağlıq Qarabağ”la isə başqa bir torpaq davası var. Altşüura bax belə yeridilir mövzu. Sanki 7 rayon sırf Ermənistan rəsmilərilə müzakirə edilir, ancaq Dağlıq Qarabağ başqaları ilə. Halbuki Azərbaycanın Ana Yasasında Dağlıq Qarabağ adlı ayrıca götürülmüş və təsbit edilmiş inzibati ərazi vahidi yoxdur. Kontitusiyamızda Dağlıq Qarabağ əhalisi, xalqı və ya icması deyə bir maddə də yoxdur. O zaman düşmənlərin münaqişə üçün düşündüyü və sırıdığı bu “adlandırmanı” biz niyə hər yerdə istifadə edirik? Buna bir dur deyən olacaqmı?! Kimdir içimizdə bizə bu adı diqtə edən, hər dəfə hər yerdə gözümüzə soxan, qulağımıza yağır edən?!

Axı niyə bu münaqişənin rəsmi adı “Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları istiqamətlərindəki beynəlxalq səviyyədə tanınan sərhədlərini pozaraq, ölkənin dərinliklərinə soxulub 20 faizədək torpağını işğal edib” şəklində yox da, …açıq-aşkar təslimçiliyi və torpaqlarımızın parçalanmasını simgələyən, işarə verən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” şəklində qanuniləşdirilib..?!

Bu hiyləgərliyi son 25 ildə kimsə görmədimi?? Bu bölücülüyü, parçalanmanı və illah ki, “Dağlıq Qarabağ” adında əlahiddə götürülmüş mübahisəli bir bölgə varmış kimi təqdimatı biz niyə qəbul etməliyik? Niyə biz buna razı olmalıyıq? Niyə Konstitusiyamıza zidd getməliyik?! Niyə “Dağlıq Qarabağ” söz birləşməsindən, ümumiyyətlə, bu münaqişənin mübahisəli predmeti kimi göstərilməməsi üçün imtina etmirik? Axı belə etdikcə özümüz də daxili problemimizi beynəlxalq mübahisəli məsələ kimi sanksiyalaşdırıb, düşmənin və guya sülh yaradan tərəflərin əlinə fürsət vermiş oluruq.

Bəlkə də kimlərəsə gülməli gələ bilər mənim bu tezislərim, ancaq mən ən Ali Qanunumuz olan Konstitusiyamızın diliylə danışıram. Bununla belə, yuxarıda ABŞ diplomatının Ermənistan-Azərbaycan sərhədi deyərkən, “təmas xətti” kimi nəzərdə tutduğu bölgənin statusu ilə sərhəd dediyi ərazinin statusunu ayırdığı açıq-aşkar ortadadır! Sanki bunlar bütöv yox, ayrı-ayrı məsələlərdir və biri Azərbaycanın daxili işidirsə, digəri iç məsələsi olmaqdan çıxıbmış. Bəyəm işğalda olan Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan daha Azərbaycan-Ermənistan sərhəddi sayılmır ki, belə danışır ABŞ diplomatı? Belə çıxır ki, bu məntəqələr beynəlxalq səviyyədə daha Azərbaycanla Ermənistanı ayıran rəsmi sərhəd kimi qəbul olunmur. Amerikalı eks-həmsədrin dediyi kimi qəbul etsək, onda həqiqətən elədir. Əks halda, ABŞ diplomatı xüsusi vurğu və diplomatik əda ilə xatırlatmazdı ki, hərbi toqquşma məhz təmas xəttində deyil, ay aman, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verib. ABŞ diplomatının təbirincə, TƏMAS XƏTTİ bu gün Azərbaycanın daxilində işğala məruz qalmış və erməni ordu birləşmələrinin yerləşdiyi, Azərbaycan Ordusu ilə burun-buruna qazılan səngərlər nəzərdə tutulur.

Yaxşı, o zaman belə bir sual çıxır: Erməni hərbi birləşmələri Dağlıq Qarabağ deyilən həmin bölgələrə, konkret desək, AMERİKANSAYAĞI TƏMAS XƏTTİNƏ NAMƏLUM UÇAN BOŞQAB-lamı düşüblər?! Yəni, yoldaş Hoqland, bu ermənilər vurğuladığınız təmas xəttinə Azərbaycanın Ermənistanla hazırda işğalda olan Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətlərindəki beynəlxalq səviyyədə tanınan rəsmi sərhədlərini pozaraq gəlib çıxmayıblarmı? Bizə aid olan həmin sərhədlərin, lap deyək 27 il öncə olubsa da belə, pozulması faktı ilə bağlı məsuliyyəti kim daşıyır? Bu sərhədləri kim pozub, hansı işğalçı dövlət pozub, hansı separatist qüvvələr qırıb keçib o tikanlı məftilləri, bəlkə adını çəkəsiniz?! Bəlkə artıq deyəsiniz, etiraf edəsiniz ki, Ermənistan Respublikasının hərbi birləşmələri filan tarixlərdə Ermənistanın Azərbaycanla Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətindəki beynəlxalq səviyyədə tanınan rəsmi sərhədlərini qeyri-qanuni pozaraq, Azərbaycan torpaqlarını işğal ediblər?!

Yoxsa iddia edirsiniz ki, sözügedən hərbi birləşmələr, fərqi yoxdu neçə il bundan qabaq olur olsun, Azərbaycanla Ermənistanın Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətindəki beynəlxalq səviyyədə tanınan sərhədlərini pozmayıb və ölkəmizin bir hissəsini heç işğal etməyiblər? Yoxsa hesab edirsiniz ki, bu torpaqlar doğrudan da tarixi erməni torpaqlarıdı və Ermənistana birləşdirilməlidir? Yoxsa artıq biz azərbaycanlılara sırıdığınız bu “təmas xətti” sərsəmliyini Ermənistan-Azərbaycan sərhədi kimi qəbul edək? Budur təbliğ etdiyiniz diplomatik geopolitik sərsəmlik? Dünyanın o başından gəlib min illər boyu bizim hakim olduğumuz torpaqlarda bizə ağıl qoyursunuz, yol göstərirsiniz, cənablar?

Bütün bu danışılanlardan belə bir nəticə hasil olur ki, cənab Hoqland Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan istiqamətindəki pozulan sınır xətlərimizin beynəlxalq səviyyədə tanınan sərhəd olmağına hələlik şübhə edir. Sən demə, dövlətsizlik, yiyəsizlik imiş, erməni də görüb ki, lələ köçüb yurdu qalıb, soxulub zəbt edib, özününküləşdirib. Yoxsa əks halda, Tovuzdakı sərhədi beynəlxalq səviyyədə  tanınan sərhəd kimi, lakin Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan zəncirindəki sərhədi isə sadəcə müəmmalarla dolu “TƏMAS XƏTTİ” içində itib-batmış ərazi olaraq təsbit etməzdi bu mister. Beynəlxalq diplomatlar o sərhəd rayonlarımızı hələ hardan başlayıb harda bitdiyi bəlli olmayan “TƏMAS XƏTTİ”nin içində əriyib yox olmuş ərazi kimi qələmə verirsə və buna bizim ŞANLI DİPLOMATİYAMIZ susursa, deməyə söz qalmır. Ümumiyyətlə, uzun müddətdir bizə ATƏT-in Minsk Qrupu səviyyəsində sırınan münaqişənin  Konstitusiyamıza zidd bu tərz adına diplomatiyamız, xarici işlər naziri və aparatı, bütövlükdə ölkədaxili siyasi camiə, cəmiyyət, media niyə dözüb və niyə susub çox düşündürücüdür.

Diplomatiyada hər cümlənin, hər sözün, ifadə tərzinin, hətta durğu işarələrinin belə böyük önəmi var və çox diqqətli, ayıq-sayıq olmağımız şərtdir. Azərbaycan mediasından xahişim budur ki, bir müddət öncə ABŞ diplomatı Riçard Hoqlandın münaqişəyə bu şəkildə yanaşması barədə və ümumiyyətlə, mənim münaqişənin adıyla bağlı qaldırdığım bu mövzuya ictimaiyyətin, dipkorpusun bir münasibətini öyrənməsində fayda var. Qoy bizim diplomatiyamız inandırıcı arqumentlərlə və əsaslarla mənim irəli sürdüyüm bu tezisləri səhv çıxartsın, razıyam. Məsələ çox ciddidir. Ona görə də hər kəsin həssas yanaşmasına ehtiyac var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*