Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin (Səidə Həsənova) meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, Xoşbulaq kənd sakini Qüdrət Göyüyev bildirib ki, meyit hadisənin baş verdiyi evin qonşuluğunda olan həyətdə aşkarlanıb.
“Cəsədin tapıldığı məhlənin otunu biçdirirdim. Gördüm ki, zibil kimi bir şey var. Yaxınlaşdım, görüm ki, meyit var. Bir qadın meyiti idi. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi. Mən də dərhal polisə xəbər verdim. Çox keçmədi gəlib apardılar. Polislər dedilər ki, Səidə Həsənovadır”.
Qüdrət Göyüyev qeyd edib ki, bir neçə dəfə həmin məhlədə olub. Amma orada ot qalın olduğuna görə meyitin olması hiss edilməyib. APA-nın əməkdaşları gəlini tərəfindən balta ilə xəsarət yetiriləndən sonra xəstəxanda olan Tahirə Qurbanovanın Xoşbulaq kəndindəki evində olublar.
Mərhumun qızı Şəlalə Qurbanova bildirib ki, meyitin tapıldığı sıx otluq olub. Həmin əraziyə heç bir iz düşmədiyi üçün inanmayıblar ki, orada meyit aşkarlana.
“Evimin yaxınlığında durmuşdum gördüm ki, çoxlu polis maşını keçdi. Mən də narahat oldum. Düşüb ora getdim dedilər ki, Səidə Həsənovanın meyiti aşkarlanıb. Mən də baxdım gördüm ki, tövlənin arxasında otluq ərazidə meyit var. Səidə otluğu neçə keçibsə ora iz düşməyib.”, – deyə o bildirib.
Şəlalə Qurbanova bildirib ki, anasının qatilinin meyiti hadisədən 1 ay bir gün sonra qonşu tərəfindən aşkarlanıb.
Qeyd edək ki, hadisə iyul ayının 27-də Daşkəsən rayonunun Xoşbulaq kəndində baş verib. Belə ki, Cəlilabad rayon sakini Səidə Həsənova mübahisə zamanı qaynanası Tahirə Qurbanovaya balta ilə ağır xəsarətlər yetirib. Ağır xəsarət alan qadın hadisəsən bir neçə gün sonra Bakıda yerləşən xəstəxanaların birində ölüb.
Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda araşdırma aparılır.