Xəbər verdiyimiz kimi, rusiyalı deputat Mixail Delyagin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycanı neft sənayesini bombalamaqla hədələyib. Delyaginin sözlərini verilişin aparıcısı Skabeyeva da təsdiqləyib və Azərbaycana “çoxlu suallar”ın olacağını söyləyib.
Maraqlıdır, Mixail Delyagin niyə belə bir bəyanatla çıxış edib? Deputatın Azərbaycana olan nifrəti nədən qaynaqlanır?
Məsələ ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən Elçin Mirzəbəyli bildirdi ki, Delyagin bu bəyanatı öz keçmişini unutdurmaq üçün verib:
“Mixail Delyagin əslində mövcud situasiyadan istifadə edərək özünü Roma Papasından daha artıq katolik göstərmək istəyir. Onun keçmişi Rusiyanın indiki hakimiyyətinə müxalif olan insanlarla bağlıdır. Delyagin vaxtilə Yeltsinin komandasında qısa müddətli ekspert qrupunua daxil olub. Əvvəllər liberal dəyərlərin daşıyıcısı olan bu şəxs sonradan liberal kommunizm deyilən cəfəng bir ideyanın arxasınca düşüb. İndiki şəraitdə o, öz qaranlıq keçmişini unutdurmaq üçün bu fikirlərə və mülahizələrə əl ataraq, guya, dövlətə yarınmağa çalışır. Əslində isə o, Rusiya dövlətinin maraqlarına zidd olan addımlar atır. Digər tərəfdən deputatın Azərbaycan əleyhinə mütəmadi olaraq çıxışlar etməsinin də öz səbəbləri var. 44 günlük Vətən müharibəsindən əvvəl Mixail Delyagin Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan tərəfinin onu satın almağa çalışdığını söyləyib. Guya, o, özü bundan imtina edib. Əslində isə Azərbaycan tərəfinin belə bir şəxsə hər hansı bir formada “ehtiyacı oduğunu” demək gülüş doğurur. Azərbaycanın Delyaginin hər hansı “xidmət”inə ehtiyacı yoxdur. O, sadəcə olaraq özünü piştaxtaya çıxarmaq və satmaq istəyir. Bu istəkləri nəticəsiz qaldığı üçün Azərbaycana qarşı qəzəbi daha da artıb”.

Politoloq əlavə etdi ki, Delyaginin verdiyi açıqlamalar həm 10 noyabr, həm də Müttəfiqlik Bəyanatlarının prinsipləri ilə ziddir:
“O bildirib ki, Azərbaycan 10 noyabr Bəyanatının prinsiplərini pozub. Əslində həmin bəyanatın prinsipləri Rusiya sülhməramlıları tərəfindən pozulub. Çünki bəyanatın əsas müddəalarından birinə görə, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olan kimi oradakı qeyri-qanuni erməni hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməlidir. Lakin uzun müddət keçməsinə baxmayaraq, hələ də bu müddəa yerinə yetirilməyib. Sülhməramlıların davranışlarında və hərəkətlərində də bəyanatın prinsiplərinə zidd olan kifayət qədər məqamlar var. Mixail Delyaginin açıqlaması və bütövlükdə Rusiya sülhməramlılarının davranışları, Rusiya Müdafiə Nazirliyinin son açıqlamaları bəyanatın prinsiplərinə daban-dabana ziddir. Bu açıqlamalar təhlükəsizliyin təminatına zərbə vurmaqla yanaşı, Rusiya ilə Azərbaycan arasında fevralın 22-də imzalanan Müttəfiqlik Bəyannaməsinin müddəaları ilə də örtüşmür. Müddəaların giriş hissəsində 1-ci, 11-ci və 18-ci maddələrdə açıq şəkildə qeyd olunur ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır və dəstək verir, separatizm və terrorizmə qarşı mübarizə aparır. Lakin sülhməramlıların Azərbaycan ərazisində erməni silahlı dəstələrini himayə etməsi separatizmə dəstək vermək anlamına gəlir ki, bu da prinsip etibarilə həmin sənədin əhəmiyyətli müddəalarının pozulması deməkdir. Delyagin və onun kimilərin verdiyi açıqlamlar Rusiyaya düşmənçilik mövqeyindən yanaşmaqdan başqa bir şey deyil. Bu açıqlamalar təkcə Azərbaycanla deyil, öz ölkəsinə münasibətdə də sərgilənən qeyri-adekvat, həqiqətə uyğun olmayan, qarşılıqlı münasibətlərin inkişafına mane olan davranışdır”.
Şəbnəm Mehdizadə
KONKRET.az

Onun fikirləri 340 rus dilli məktəblərdən qaynaqlanır