Dilqəm və Şahbaz erməni girovlarla dəyişdirilə bilər – Polkovnik-leytenant təfərrüatları açıqladıbackend

Dilqəm və Şahbaz erməni girovlarla dəyişdirilə bilər – Polkovnik-leytenant təfərrüatları açıqladı

Üzeyir Cəfərov, hərbi ekspert

Üzeyir Cəfərov: “İnanmıram ki erməni tərəfi Dilqəm və Şahbazı asanlıqla Azərbaycana qaytarsın”

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfi hazırdır. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib. Məlumatda o da qeyd olunub ki, əsirlərin dəyişdirilməsi ilə bağlı Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixində rəsmi məlumat verib. Bu açıqlamanın yenidən gündəmə gəlməsi, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad ediləcəyi haqda ümidləri artırıb.

Bəs Dilqəm və Şahbazın erməni əsirlərlə dəyişdirilməsi nə dərəcədə realdır?

Konkret.az mövzunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edib. Ekspert bildirib ki, əsirlərin dəyişdirilməsi məsələsi ilə bağlı reallıq yarı-yarıyadır. İnanmıram ki erməni tərəfi Dilqəm və Şahbazı asanlıqla Azərbaycana qaytarsın: “Amma burada Rusiya tərəfinin bir zəmanəti mövcuddur. Belə ki, Patruşevin Azərbaycana səfəri zamanı Ermənistanın mövqeyi rəsmi Bakıya çatdırılıb. Görünən odur ki, Rusiya az da olsa, Azərbaycan tərəfinin könlünü almaq üçün cəhdlər edir. Bu məsələdə ən çox çalışan Rusiya tərəfidir. Çünki Rusiya Azərbaycanı öncə Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi, daha sonra isə öz təsiri altında saxlamaq üçün üzv kimi cəlb etməyə çalışır”.

Üzeyir Cəfərov bildirib ki, əslində Dilqəm və Şahbazın məsələsi çoxdan həll olunmalı idi: “Bu, Rusiya üçün bir şərəf məsələsi idi. Lakin Rusiya öz vətəndaşını iki ildir Ermənistanın girovluğundan azad etmir. Ona görə də, bunlardan Qarabağın azadlığını gözləmək sadəlövhlükdür”.

Hərbi ekspert əlavə edib ki, iki nəfərin, digər iki girovla dəyişdirilməsinə tərəfdar deyil: “Ermənistan guya Azərbaycana bu məsələdə jest etmək istəyir. Yəni Azərbaycan qondarma respublika ilə danışığa getməli və öz vətəndaşını geri qaytarmağı razılaşdırmalıdır. Şəxsən belə bir dəyişdirilmənin tərəfdarı deyiləm. Bütün bunlar Rusiyanın oyunlarıdır. Onlar separatçı rejimi Azərbaycana tanıtdırmağa çalışırlar. Buna qəti şəkildə yol vermək olmaz”.

Üzeyir Cəfərov sonda əlavə edib ki, “Dilqəm və Şahbaz separatçı rejim tərəfindən əsir saxlanılır. Ona görə də, Azərbaycanın qondarma rejimlə danışıqlar aparması heç bir məntiqə sığmır. Belə olan halda isə Azərbaycan tərəfinin girovların dəyişdirilməsinə razılıq bəyənatı ilə çıxış etməsi anılaşılan deyil. Bütün bunları nəzərə alaraq demək olar ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə bağlı məsələlər reallığı əks etdirmir”.

 

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*