“Direktor dərs vaxtı şagirdin saçını kəsmişdi…” – VİDEObackend

“Direktor dərs vaxtı şagirdin saçını kəsmişdi...” - VİDEO

Ötən gün Ağstafa rayonunda Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru Tamella Bayramovanın işdən çıxarılması ilə bağlı xəbər vermişdik.

Qazax-Tovuz Regional Təhsil İdarəsi məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparıldığını, direktorun neqativ hallara yol verdiyi və davranış qaydalarını pozduğuna görə işdən azad olunduğunu açıqlamışdı.

KONKRET.az-ın məlumatına görə, ATV kanalı işdən çıxarılan məktəb direktoru ilə bağlı süjet hazırlayıb. Məktəbin şagird və müəllim heyəti direktorun davranışlarından təngə gəldiklərini bildiriblər: “Hər gün məktəbdə texniki işçilərlə, müəllimlərlə dava-dalaş olurdu. Şagirdlərin gözləri qarşısında işçini alçaltmaq, müəllimi təhqir etmək… Məktəbdə 20 manatdan pul yığdılar. O 20 manat mənim iyirmigünlük çörəkpulumdur”.

Məktəbdə çalışan qadınlardan biri isə T. Bayramovanın əsəbiləşəndə dibçəkləri qırdığını deyib: “Dəhlizdəki dibçəklərə təpik atır, sındırır. Deyirik, ay müəllim, niyə belə edirsiniz, axı biz əziyyət çəkib bunları əkirik. Deyir, mən hirslənəndə evdə də beləyəm, qab sındırmasam, sakitləşə bilmirəm…”

Direktor, həmçinin müəllimlərdən pul toplayaraq məktəbə səsgücləndirici almaqda, dərs vaxtı bayağı musiqilərə qulaq asmaqda ittiham olunur. İddia olunur ki, onun qəzəbinə tuş gələn təkcə müəllimlər deyil. Məktəblilərin sözlərinə görə, Tamella Bayramova dərs vaxtı sinfə girərək şagirdlərdən birinin saçlarını qayçı ilə kəsib.

“Şəhidin ilində 5 manatdan pul topladı. Ailə ianəni qəbul etmədi və bizim yanımızda onun özünə qaytardı. Lakin həmin pulu geri vermədi. Bu insanın psixoloji durumu yerində deyil…Özü ilə bərabər bütün müəllimləri də təzyiq, şəkər xəstəsi edib”, – şikayətçilərdən biri bildirib.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə T. Bayramova tutduğu vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*