Doğma sakinləri ilə birlikdə Ağdərə rayonunun Talış kəndində Novruzqabağı el adət-ənənələrimiz yenidən canlanır. Uzun illərdən sonra bu il sakinlər Yel çərşənbəsini əzəli torpaqlarında böyük coşqu ilə qeyd ediblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən KONKRET.az-a bildirilib ki, bu günə qədər kənddə 20 ev, 10 qeyri-yaşayış obyekti yenidən qurulub. İnzibati bina və uşaq bağçası əsaslı təmir olunub, 78 şagird yerlik məktəb binası da bərpa edilib.

Xatırladaq ki, 2023-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Talış kəndinə 20 ailə (91 nəfər) köçürülüb və hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Köçürülmənin ikinci mərhələsində isə kəndə 158 ailə qayıdacaq.




