Dövlətin uşaq və gənclər siyasəti ilə bağlı prioritetləri: Narkomaniya ilə mübarizədə də ciddi addımlar atılır – FOTOLARbackend

Dövlətin uşaqgənclər siyasəti ilə bağlı prioritetləri: Narkomaniya ilə mübarizədə də ciddi addımlar atılır - FOTOLAR

“Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq, bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkcə bu fikirlərinə nəzər yetirmək kifayətdir ki, dövlətin uşaq və gənclər siyasəti haqqında ümumi təəssürata malik olasan. Bəli, müstəqil dövlətimiz təşəkkül tapdığı gündən etibarən qarşıya qoyulan ən ümdə prioritetlərdən biri məhz fiziki və mənəvi cəhətdən sağlam gənc nəslin yetişdirilməsi olub. Sirr deyil ki, ölkə başçısı tərəfindən uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək məqsədilə uzun illər ərzində ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib və keçirilməkdədir.

2017-ci ildə ümumilikdə 8 mərkəzin birgə bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) yaradılması da dövlət başçısı tərəfindən bu yöndə atılan əhəmiyyətli addımların tərkib hissəsidir. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən mərkəzin əsas vəzifəsi uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, elmi-texniki biliklərinin artrılması, intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsi, sağlam həyat tərzinin və ətraf mühitə məsuliyyətli münasibətinin formalaşdırılmasından ibarətdir.

Hazırda mərkəzdə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) çoxsaylı məşğələlər keçirilir, layihə və proqramlar icra edilir, beynəlxalq festivallar, forumlar, müsabiqələr, dəyirmi masa və master-klasslar təşkil olunur. Ümumilikdə 6000-ə yaxın uşaq və gənc müxtəlif istiqamətli dərnəklərdə məşğul olur.

Mərkəzin Tədris şöbəsinin müdiri Tünzalə Hüseynova ilə müsahibəmizdə qurumun gənc nəslin hərtərəfli inkişafında verdiyi töhfələrdən bəhs etdi:

– Qeyd edək ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Bu baxımdan mərkəz tərəfindən uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması istiqamətində tədbirlər təşkil olunur, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi yönündə yeni platformalar yaradılır, uşaq hüquqlarının müdafiəsində psixoloji sağlamlıq problemləri barədə məlumat xarakterli “Antibullinq” proqramları təşkil edilir. Xüsusən də mərkəzin direktoru Firuzə Sultanzadənin təşəbbüsü ilə uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlər gücləndirilir, uşaqlarda düzgün nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə müvafiq tövsiyələr hazırlanır, uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi istiqamətində silsilə tədbirlər görülür. Uşaqların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılması, robotexnika və s. aktual mövzular üzrə müsabiqə və digər həvəsləndirici tədbirlər keçirilir, uşaq və gənclərin milli-mənəvi inkişafı, istedadlarının üzə çıxarılması istiqamətində “Qavaldaş” Beynəlxalq festival-müsabiqəsi, “Üç alov” adlı onlayn Beynəlxalq yaradıcılıq müsabiqəsi, “Gələcəyin mühəndisi” müsabiqəsi, “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı, “Tullantıdan incəsənətə” layihəsi, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi, “Məktəblilər üçün muzey həftəsi” adlı maarifləndirici proqram, “Qadınlar və Qızlar Elmdə” adlı konfrans və s. keçirilir. Eyni zamanda, uşaq nikahlarının qarşısının alınması ilə əlaqədar tədbirlər təşkil edilir. Həmçinin, uşaq və gənclərin respublika, Avropa, dünya çempionatlarında iştirakı təmin edilir.
Qeyd edək ki, mənəvi inkişaf baxımından belə tədbirlər böyük önəm daşıyaraq, uşaq və gənclərin intellektini zənginləşdirir, kollektiv fəaliyyət təcrübəsini artırır. Mərkəz tərəfindən keçirilən müxtəlif idman növləri üzrə turnirlər də məktəblilərin fiziki inkişafına böyük təkan verir.

“Günümüzün bəlasına çevrilmiş narkomaniya ilə mübarizədə də ciddi addımlar atılır”

– Əsrimizin bəlasına çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərini də mərkəz daimi diqqətində saxlayır. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş “Narkomaniyaya qarşı profilaktik tədbirlər” adlı dəyirmi masalar, silsilə tədbirlər keçirilir.

Dəyirmi masaların keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması, narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürün formalaşması, sağlam həyat tərzinin təbliğ olunması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində regional müzakirələrin keçirilməsi, aidiyyətı üzrə dövlət qurumlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsindən ibarətdir.

Qeyd edək ki, RUGİM tərəfindən keçirilən belə tədbirlər AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin Əlaqələndirilməsi şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilir. Tədbirlərdə narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan sağlamlığına mənfi təsiri barədə uşaq və gənclərin məlumatlandırılmasının əhəmiyyəti, bu sahədə dünya ölkələrinin təcrübəsi, problemin sosial-psixoloji aspektləri, məktəblilərin antinarkomaniya ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinə cəlb edilməsinin, aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğatın vacibliyi qeyd olunur.

Dövlətin uşaq və gənclər siyasətinə mərkəzin töhfələri…

– Bu gün dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyinin inkişafına böyük təkan verir, onların cəmiyyətdə özünütəsdiqinə, tanınmasına geniş şərait yaradır. Hazırda mərkəzin istedadlı uşaq və gəncləri beynəlxalq aləmdə – çempionatlarda, festivallarda, müsabiqələrdə ölkəmizi layiqincə təmsil edirlər. Yeni nəslin inkişafının əsas vasitəsi uşaq və gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində önəmli tədbirlər həyata keçirilir, istedadlı gənclər aşkar edilir, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər təşkil olunur.

Həmçinin, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunun, ölkənin gələcək inkişafında iştirakının və məsuliyyətinin artırılması istiqamətində mərkəz tərəfindən silsilə tədbirlər həyata keçirilir ki, bütün bunlar da dövlət uşaq və gənclər siyasətinə verdiyimiz töhfələr sırasındadır. Və əminliklə demək olar ki, dövlətimiz tərəfindən gənclərə verilən dəstək və göstərilən diqqət nəticəsində bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi çöx yüksəkdir.

Şəbnəm Mehdizadə,
KONKRET.az

 

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*