Cövhər Dudayev böyük insan idi və həm də vətənpərvər idi. O, terrorçu deyildi, ona görə onu başqaları ilə müqayisə etmək olmaz.
KONKRET.az-ın verdiyi xəbərə görə, Ramzan Kadırov dünən, yəni dekabrın 21-də öz Teleqram səhifəsində Türkiyə prezidentinə qarşı çox sərt paylaşım edib. O, Türkiyədə Cövhər Dudayev adına parkın açılışı ilə bağlı etirazını bildirib və Çeçenistanda PKK lideri Abdulla Öcalanın adına park açacağı ilə hədələyib.
Cövhər SSRİ-nin əlindən çox əziyyət çəkən xalqı üçün vuruşurdu. Cövhərin xatirəsi hörmət və ehtirama layiqdir. Amma məsələ bu deyil.
Məlumdur ki, indiki Çeçenistan müstəqil deyil, Moskvanın diktəsi altındadır. Ona görə də müstəqillik uğrunda yeni müharibə olması sıfıra bərabərdir.
Ramzan Kadırova hörmət var idi, islamı təhqir edənləri (həmçinin, özünü də təhqir edənləri) tapıb, üzr istəməyə məçbur edirdi və video şəklində yayımlayırdı. Bunu hansı şəkildə həyata keçirdiyini bilməsək də, dinimizin təhqir olunmamasına görə razı idik. Amma həm Cövhər Dudayevə, həm də hörmətli Ərdoğana qarşı dünənki alçaq çıxışı Kadırovu yerdən-yerə vurdu.
Bəs Türkiyəyə qarşı bu hücumun arxasında nə və kim durur? Bunu siyasətçilər daha gözəl analiz edə bilərlər.
Sözümüzün çanı odur ki, Cövhər Dudayevə hörmət əlaməti olaraq abidə qoyan, yaxud park açan təkçə Türkiyədir? Bəlkə Kadırov nəzərlərini başqa ölkələrə də çevirib baxsın? Məsələn:
– Estoniya, Xatirə lövhəsi;
– Bosniya və Herseqovina, Cövhər Dudayev küçəsi;
– Latviya, Cövhər Dudayev Xiyabanı;
– Litva, Cövhər Dudayev meydanı;
– Litva, Cövhər Dudayevin daşdan abidəsi;
– Polşa, Cövhər Dudayev meydanı;
– Ukrayna, Cövhər Dudayev adına bir neçə küçə.
Bunlar sadəcə məlum olanlardır, hələ neçə küçə, meydan var ki, onun adını daşıyır.
Cövhər terrorçu deyildi və onu başqaları ilə müqayisə etmək olmaz. Lakin bir məsələni Kadırovun diqqətinə çatdırmaq istərdik: Əlləri müsəlman qanına bulaşmış faşist Njde və terrorçu Melkonyanın abidələri hələ Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır. Dost, qardaş ölkənin düşməninə çevrilməkdənsə, bu abidələrin Qarabağ zonasından çıxarılmasını tələb etmək daha düzgün olardı.
Cövhər Dudayevin nadir kadrlarını təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
