Dünya bazarında neft qiymətlərində müşahidə olunan dalğalanmalar qlobal iqtisadiyyatın əsas gündəm mövzularından biri olaraq qalır. Enerji resurslarının qiymətində baş verən hər bir dəyişiklik yalnız ixracatçı ölkələrin gəlirlərinə deyil, eyni zamanda yanacaq bazarı, nəqliyyat xərcləri və istehlak məhsullarının qiymətlərinə də təsir göstərir. Bir çox ölkələrdə neftin bahalaşması və ya ucuzlaşması daxili yanacaq qiymətlərində dərhal hiss olunsa da, Azərbaycanda tətbiq edilən tənzimlənən qiymət mexanizmi bu təsirin hansı formada əks olunduğu sualını aktuallaşdırır. Bəs dünya bazarında neftin qiymətindəki dəyişikliklər ölkə daxilində yanacaq tariflərinə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Vüqar Oruc bildirib ki, qlobal neft qiymətlərinin dəyişməsi əsasən beynəlxalq amillərlə bağlıdır.

“Qiymət dalğalanmaları OPEC qərarları, geosiyasi hadisələr, müharibələr, sanksiyalar, dövlətlərarası qarşıdurmalar, eləcə də dünya bazarında tələb və təklif balansının dəyişməsi ilə formalaşır. Bundan əlavə, birjalarda baş verən qiymət dəyişiklikləri də neftin dəyərinə təsir edən əsas faktorlardandır.
Dünya bazarında qiymət dəyişiklikləri cüzi olduqda bu, daxili yanacaq qiymətlərində ciddi dəyişiklik yaratmır. Tənzimlənən iqtisadi model tətbiq olunan ölkələrdə isə qiymətlərin azalması və ya artması yalnız dövlət qurumlarının qərarı ilə mümkündür”.
V.Orucun sözlərinə görə, sərbəst bazar iqtisadiyyatının tam tətbiq olunduğu Avropa və ABŞ kimi ölkələrdə neftin bahalaşması yanacağın maya dəyərini artırdığı üçün daxili qiymətlər də birbaşa yüksəlir, ucuzlaşma zamanı isə əks proses müşahidə olunur.
“Azərbaycanda isə yanacaq qiymətləri bazar mexanizmi ilə deyil, dövlət tərəfindən müəyyən edilir. Bu funksiyanı Tarif Şurası həyata keçirir. Buna görə də dünya bazarındakı dəyişikliklər daxili qiymətlərə birbaşa təsir göstərmir.
Neft qiymətləri ölkə iqtisadiyyatına dolayı təsir edir. Belə ki, qlobal bahalaşma logistika və daşınma xərclərinin artmasına, nəqliyyat sektoruna, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinə, həmçinin tikinti materialları bazarına təsir göstərir. Logistik xərclərin yüksək paya malik olması səbəbindən dünya bazarındakı qiymət dəyişiklikləri müəyyən gecikmə ilə Azərbaycan bazarında da hiss olunur”.
Aynurə İsmayıl
KONKRET.az
