“Əgər müharibədə Rusiya qələbə çalsa”… – Politoloqdan AÇIQLAMAbackend

“Əgər müharibədə Rusiya qələbə çalsa”... – Politoloqdan AÇIQLAMA

Rusiya və Ukrayna arasında bir həftədən çoxdur davam edən müharibədə yüzlərlə insan həyatını itirib. Minlərlə mülki şəxs isə öz ev-eşiyindən didərgin düşərək sığınacaqlarda gizlənib. Lakin bütün bunlara baxmayaraq, tərəflərdən heç biri geri addım atmaq istəmir. Danışıqlar masasında isə hələlik ciddi nəticə əldə olunmayıb.

Bəs görəsən bu müharibə nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Zaur Məmmədli cavablandırıb.

O bildirib ki, müharibədən sonra yeni təhlükəsizlik konsepsiyalarına ehtiyac olacaq:

Bu müharibənin necə yekunlaşacağı hər kəsə çox maraqlıdır. Əgər Rusiya icazə verilməyən silahlardan istifadə edərsə, bu, bütün dünya üçün ağır nəticələrə gətirib çıxaracaq. Amma əgər tərəflər arasında barışıq baş tutsa və dialoq davam etdirilsə, o zaman Avropanın və Avrasiyanın təhlükəsizlik sistemi haqqında danışa bilərik. Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Böyük Britaniyadan Çinə qədər regionlarda ciddi iqtisadi və maliyyə dəyişiklikləri baş verəcək. Pandemiyadan sonra Rusiyaya tətbiq edilən sanksiyalar kifayət qədər ciddi hadisədir. Rusiyaya tətbiq edilən sanksiyalar təkcə Rusiyaya tətbiq edilməyəcək. Digər tərəfdən beynəlxalq münasibətlərdəki nizamsızlıq və xaos yarandı. Bütün bunlar yeni təhlüksəizlik konsepsiyalarına ehtiyac olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının işlək olmadığı və onunla bağlı dəyişikliklərə ehtiyac olduğu məlum oldu”.

Politoloq Yusif Bağırzadə düşünür ki, dünyada çox təhlükəli bir vəziyyət yaranıb. Nəticənin necə olacağı isə bəlli deyil:

“Bu müharibə iki tərəfli müharibə deyil. Yəni burada söhbət təkcə Ukraynadan getmir. Ukraynanın tərəfində olan qüvvələr var. Avropa İttifaqı, ABŞ, NATO Ukraynanı dəstəkləyir. Rusiyanı dəstəkləyən isə Belarusdur. Belarus hətta Rusiya tərəfdən müharibəyə qoşulub. Yəni hazırda vəziyyət çox mürəkkəbdir. Yüzlərlə insan bu müharibədə həlak olur. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Avropa Şurası, ATƏT artıq aktuallığını itirir. Burada söhbət təkcə Rusiya-Ukrayna münasibətlərindən getmir. Söhbət beynəlxalq hüquq normalarının pozulmasından gedir. Dünyada çox təhlükəli bir vəziyyət yaranıb. Dövlətlər bir-biri ilə münasibətlərini güc müstəvisində həll edir. Kim güclüdürsə, kimin ordusu, silahı varsa, onun sözü keçir. Kimin haqlı olması arxa plana keçir”.

Politoloq bildirib ki, bu müharibədə kimin qalib olacağı da bəlli deyil:

“Rusiya başqa dövlətin ərazisinə girməməli idi. Bu, hərbi işğaldır. Kimin qələbə çalması önəmli deyil. İndi artıq güc nisbətləri dəyişir. Beynəlxalq təşkilatların nüfuzu, beynəlxalq hüquq sıfıra enib. Hər kəs iki ölkə arasındakı münasibətlərin normallaşmasını, gec də olsa, iki dövlət arasında sülh müqaviləsi imzalanmasını istəyir. Hələlik Rusiya üstün tərəfdir. Əgər müharibədə Rusiya qələbə çalsa, yəqin ki, mövcud halkimiyyəti ləğv edib, Viktor Yanukoviçi yenidən hakimiyyətə gətirəcək. Bu olmasa belə, yeni prezident və hökumət isə təbii ki, Rusiyanın təsiri altında olan bir şəxs olacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*