backend

"Əgər onlar Qarabağdadırsa, o zaman öz günlərinə ağlamalıdırlar" - SƏRT AÇIQLAMA

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması erməniləri əməlli-başlı qorxuya salıb. Artıq Azərbaycan öz suveren ərazisinə nəzarəti tam həyata keçirməyə, Qarabağa daxil olan bütün yük və insanları yoxlamağa başlayacaq. Bununla da uzun müddətdir ekofəalların keçirdiyi aksiya və sərgilənən siyasi iradə öz sözünü dedi. İndi ermənilərin bir çıxış yolu qalır, ya Ermənistana qaçmalıdırlar, ya da Azərbaycan vətəndşlığını qəbul edərək bizim qanunlarımız altında yaşamalıdırlar. Proseslərin hansı məcrada davam edəcəyini isə zaman göstərəcək. 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Laçında Həkəri çayı üzərində qurulan dövlət sərhəd-keçid məntəqəsi həm Qarabağda, həm də Ermənistanda yaşayan ermənilər üçün ciddi bir mesajdır: “Birincisi, Azərbaycan Qarabağa girib-çıxan bütün yüklərə və insanlara nəzarət edə biləcək. Burada Dövlət Gömrük Komitəsi də müasir avadanlıqlar quraşdıracaq. Narkotik, silah və digər bu kimi qaçaqmalların Qarabağa aparılmasının qarşısı alınacaq. İkincisi, Dövlət Sərhəd Xidməti bu ərazidən Qarabağa terrorçuların keçməsinə imkan verməyəcək. O cümlədən Azərbaycana qarşı soyqırımda iştirak edən ermənilərin adları sərhəd-keçid məntəqəsində əks olunacaq. Həmin ermənilər Ermənistandan Qarabağa gəlməyə qorxacaqlar. Əgər onlar Qarabağda yaşayırlarsa, bu zaman öz günlərinə ağlamalıdırlar. Üçüncüsü, bu, Azərbaycanın öz ərazisini tam nəzarətə götürməsi deməkdir. Yəni ölkəyə bütün giriş-çıxışlar Azərbaycan dövlətinin nəzarətindədir. Dördüncüsü, Dövlət Sərhəd Xidmətinin Müdafiə Nazirliyi və Gömrük Komitəsi ilə birgə həyata keçirdiyi bu addım Azərbaycan ərazisində təhlükəsizliyin təmin olunmasına tam zəmanət verir. Bunun böyük bir siyasi mənası var. Belə ki, Azərbaycan siyasi gücünü və iradəsini ortaya qoymağı bacarıb. Bu uğurların arxasında təbii ki, Azərbaycan lideri İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Prezidentin Salyanda verdiyi mesajların bir neçə gün ərzində həyata keçirilməsi olduqca böyük hadisədir. Əsgərlərimizin minaya düşməsi isə bu prosesi bir az da tezləşdirdi və Azərbaycanın səbr kasasını daşıran son damla oldu”.

Cümşüd Nuriyev: “Üçüncü Dünya Müharibəsi qaçılmazdır” - MÜSAHİBƏ | KONKRET

Politoloqun sözlərinə görə, Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qurulmasının əhəmiyyəti olduqca böyükdür: “Bu hadisə Rusiya və İrana bir mesajdır. Digər tərəfdən Azərbaycan Rusiya-İran və ABŞ-Avropa İttifaqı cütlüyü arasında balans yarada bildi. Biz həm şimal-cənub qonşularımız, həm də ABŞ və Avropa ilə normal münasibət qurmaq istəyirik. Heç kimin Qafqazdakı siyasi və iqtisadi maraqlarının əleyhinə deyilik. Amma hər şeydən öncə Azərbaycanın özünün dövlət kimi milli maraqları gəlir. Odur ki, bütün ölkələr Azərbaycanın dövlət maraqlarına hörmət etməyə borcludur. Çünki indi dünyanı güc yox, ağıl və siyasət idarə edir. Azərbaycan da bu sahədə çox uğurlu addımlar atır. Sərhəd-keçid məntəqəsinin qururlması rəsmi Bakının həyata keçirəcəyi iqtisadi layihələr üçün də bir stimuldur. Çünki Azərbaycan Avropanın 10 dövləti ilə münasibət qurub və öz enerji resurslarını Qərbə ixrac etməyə çalışır. Ermənistanın ağlı olsa bu layihədə iştirak edə bilər. Amma rəsmi İrəvan Türkiyədəki seçkilərə ümid bəsləyərək məsələni uzatmağa çalışır. Onlar hesab edirlər ki, Kılıncdaroğlu hakimiyyətə gələ bilər. Beləcə yenidən Azərbaycanı öz istəklərinə uyğun addımlara məcbur edə biləcəklərini düşünürlər. Amma bu, baş verməyəcək. Azərbaycan göstərdi ki, Türkiyənin başı öz daxili məsələsinə qarışsa da, rəsmi Bakı siyasi iradə ortaya qoymağı bacarır. Bu gün həyata keçirilən uğurlu xarici siyasət isə məhz İlham Əliyevin adı ilə bağlıdır. Belə bir şəraitdə sərhəd-keçid məntəqəsinin qurulması həm ölkəmiz, həm də xalqımız üçün böyük stimuldur. Eyni zamanda Azərbaycan dünyaya bir mesaj verdi, öz sözünün və imzasının sahibi olduğunu sübuta yetirdi”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*