Əgər şəhid anası məhkəmə hakiminə, “JEK“ müdirinə, məktəb direktoruna rüşvət verirsə…backend

Əgər şəhid anası məhkəmə hakiminə, “JEK“ müdirinə, məktəb direktoruna rüşvət verirsə...

Adını çəkib şərəfləndirmək istəmədiyim hansısa üzdəniraq jurnalist çəkiliş müqabilində şəhid ailəsindən pul istəyib. Hadisə Şəmkir rayonunda baş verib. Şəhidin qohumları ayıq-sayıq adamlar olduqları üçün tələyə düşməyiblər…

Özünü jurnalist adlandırıb amma reketliklə məşğul olan bu dılğırların kimdənsə pul istəməsi birinci dəfə deyil. Biz “jurnalist”in icra başçısından, prokurordan, vergi müfəttişindən pul aldığını çox eşitmişik. İki qəpiklik savadı, analitik təfəkkürü olmayan jurnalist var ki, “JEK” müdirlərini inək kimi sağır. Məktəb direktorları, bağça müdirələri onların qorxusundan gecələr də yata bilmirlər. Bir çoxları xirtdəyə kimi zibilin içində olduqları üçün ifşa ediləcəklərindən qorxurlar.

Bu məsələ ona görə rezonans doğurdu ki, jurnalist bu dəfə şəhid ailəsindən rüşvət istəyib. Açıq desək, şəhidin “qan pulu”ndan pay istəyib. Bəxtləri onda gətirməyib ki, şəhidimizin anası Faya xanım “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun tanışı çıxıb. Bu tanışılıq sayəsində o əclafları ifşa etmək mümkün olub.

İctimailəşməsə də, mən hansısa şəhid anasının reket jurnalistlərə pul verdiyinə əminəm. Əgər şəhid anası nəvəsini məktəbə aparanda direktora, arayış alanda “JEK” müdirinə, işi məhkəməyə düşəndə hakimə rüşvət verirsə, jurnalistə niyə verməsin? Mən buna haqq qazandırmıram. Demək istədiyim odur ki, bu ölkədə rüşvət verməkdə qeyri-adi, təəccüblü heç nə yoxdur. Əgər ortada Rauf bəyin adı olmasaydı, biz bu hadisədən xəbər tutmayacaqdıq.

Mətbuatın tədricən itən nüfuzu fonunda bu cür hadisələrin baş verməsi utandırıcıdır. Amma biz bu ağır duruma təsadüfən düşməmişik. İndi tarixin zibilliyinə atılmış İctimai-siyasi şöbə və onun başbilənləri Azərbaycan jurnalistlərini trola çevirəndə, gic-gic müsabiqələr təşkil edib icra başçılarını, lazımsız dövlət qurumlarının gərəksiz rəhbərlərini təriflətdirəndə bizi belə acınacaqlı günlərin gözlədiyini bilməliydilər.

Beş-altı il əvvəl nazir müavinlərindən biri məndən jurnalistlərin orta aylıq əmək haqqının nə qədər olduğunu soruşmuşdu. Özümü sındırmayıb demişdim ki, əksəriyyət 700-800 manat alır. Reaksiyası belə olmuşdu: “Yaxşıdır. Mən də sürücümə bundan bir qədər çox verirəm”.

Naziri bir kənara qoyaq, onun dördüncü müavini belə öz sürücüsünün jurnalistdən yaxşı yaşamalı olduğunu düşündüyü üçün bu sektorda tənəzzül yaşandı. İlahi ədalətin gücünə inanıram. Mətbuatı bu günə salanların hamısı gec-tez cavab verəcək. Dünən oxudum ki, birinin işini Ağır Cinayətlər Məhkəməsinə göndəriblər. Jurnalisti trola çevirmək ən ağır cinayətdir…

Seymur Verdizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*