Avropa Parlamenti 2035-ci ildən dizel və benzinlə işləyən minik və yüngül kommersiya avtomobillərinin satışını qadağan edəcək. Bu barədə Avropa Parlamentinin deputatı Aleksandr Vondra bildirib. Belə ki, həmin ildən etibarən yalnız elektrik və hidrogenlə işləyən avtomobillər satılacaq. Belə olan halda bir müddətdən sonra avropadan Azərbaycana benzin və dizellə işləyən avtomobillərin gətirilməsi dayana bilər. Bu isə gələcəkdə Azərbaycanın da ekoloji cəhətdən zərərsiz avtomobillərə keçidini labüd edir. Amma yeni nəsil elektromobillərin qiymətinin baha olması bu məsələdə ciddi problemlər yaradır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Azərbaycan avtomobil seqmentində Avropa spesifikasiyasına aiddir: “Yəni ölkəyə gətirilən maşınlar Avropa istehsalıdır və oranın standartlarına cavab verir. Biz də “avro-4” standartlarına keçmişik. Amma bildiyiniz kimi bir çox Avropa ölkələrində, o cümlədən ABŞ və Yaponiyada atmosferə “sıfır emissiya” adlı yeni kampaniya başladılıb. Bu o deməkdir ki, həmin ölkələrdə atmosferə və insan sağlamlığına zərər verə bilən avtonəqliyyat vasitələrinin buraxdığı karbon qazının azaldılması istiqamətində konkret addımlar atılır. İqlim dəyişikliyinə təsir edən karbon qazının həcminin azaldılması üçün Avropa İttifaqı ölkələrinə ixrac olunan bütün nəqliyyat vasitələrinin hamısı ekoloji təmiz olmalıdır. Yəni hibrid, elektrik və hidrogenlə çalışan avtomobillərdən istifadə edilməlidir. Azərbaycan da beynəlxalq konvensiyalara qoşulduğundan bu istiqamətdə öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün müəyyən addımlar atır. Məsələn yanvar ayından ölkəmizə idxal edilən yeni hibrid avtomobillər ƏDV-dən azad olundu. Bu avtomobillərin qiyməti endirildi və qismən vətəndaşlara əlçatan oldu. Növbəti addım kimi belə avtomobilləri almaq üçün kredit şərtləri sadələşdirilə, mühərrik həcmi kiçik olan yeni nəqliyyat vasitələrinin ölkəmizə idxalında müəyyən güzəştlər tətbiq edilə, ölkə daxilində ekoloji təmiz avtomobilləri alan vətəndaşlar müəyyən rüsumlardan azad oluna bilər. Yaxud onlara güzəştlərin tətbiq edilməsi mümkündür. Məsələn icbari texniki baxışın və ya sığortanın məbləği azaldıla və ya tam ləğv oluna bilər”.

Ekspert əlavə edib ki, əsas məsələ ekoloji təmiz avtomobillərə insanların əlçatanlığını təmin etməkdir: “Biz yalnız yeni maşınlara deyil, istehsal ili daha çox olan ekoloji təmiz avtomobillərə də güzəştlər tətbiq etsək, o zaman avtomobil parkımızı yeniləyə bilməyəcəyik. Amma daxildə bu avtomobillərin qiymətinin yüksək olması faktı da doğrudur. Məsələ ondadır ki, bu avtomobillərin qiymətinin yüksək olmasının səbəbi yalnız rüsumlar deyil. Həmçinin nəzərə almalıyıq ki, 2015-2016-cı illərin devalivasiyası avtomobillərin qiymətinə təsir etdi. Bu gün 34 min manat olan avtomobil, devalivasiyadan öncə 19 minə satılırdı. Biz indiki mərhələdə sırf ekoloji təmiz olan avtomobilləri (ümumiyyətlə atmosferə karbon qazı buraxmayan maşınlar) rüsumlardan azad etməliyik ki, qiymətlər daha da aşağı düşsün. Daha sonra isə güzəştli kredit məsələsi öz həllini tapmalıdır. Bu istiqamətdə artıq müvafiq qurumlara tapşırıqlar verilib. Ümid edirəm ki, ilin sonuna qədər vətəndaşlar üçün ekoloji təmiz avtomobillərin əlçatanlığını təmin edə biləcəyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
