Əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası yalnız sosial təminat məsələsi deyil. Bu proses onların təhsil almaq, peşə qazanmaq və əmək bazarında öz potensiallarını reallaşdırmaq imkanlarından da birbaşa asılıdır. Azərbaycanda bu kateqoriyadan olan şəxslərin təhsil və məşğulluq hüquqlarını qoruyan bir sıra qanunvericilik normaları mövcuddur. Lakin qanunvericilikdə nəzərdə tutulan hüquqların real həyatda nə dərəcədə əlçatan olması, işə qəbul zamanı hansı maneələrlə qarşılaşmaları və mövcud kvota mexanizminin onların məşğulluğuna nə qədər təsir göstərməsi suallar doğurur.
Bəs Azərbaycanda əlilliyi olan şəxslərin təhsil alması və əmək bazarına çıxışı üçün yaradılan imkanlar onların real ehtiyaclarını nə dərəcədə qarşılayır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Aqşin İsgəndərzadə bildirib ki, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunları ilə tənzimlənir.

Onun sözlərinə görə, bu şəxslərin təhsili və peşə hazırlığı xüsusi təhsil proqramları və fərdi tədris planları əsasında xüsusi və ya inklüziv təhsil formasında həyata keçirilə bilər. Xüsusi şərait yaradılmadan təhsil almaqda çətinlik yarandığı hallarda isə evdə, fərdi və distant təhsil imkanlarından istifadə nəzərdə tutulur.
“Dövlət təhsil müəssisələrində əlilliyi olan şəxslər təhsil və peşə hazırlığı üçün zəruri olan tədris vəsaitləri və texniki ləvazimatlarla, o cümlədən fərdi tələbatlarını nəzərə alan vasitələrlə dövlət hesabına təmin edilirlər”, – deyə hüquqşünas bildirib.
Aqşin İsgəndərzadənin sözlərinə görə, dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də 18 yaşınadək əlilliyi olan şəxslərin təhsil xərcləri dövlət büdcəsindən qarşılanır. Peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər üçün də analoji imkan mövcuddur. Lakin bu qayda əlavə təhsilə şamil edilmir.
Bəs əmək bazarında vəziyyət necədir?
Hüquqşünas bildirib ki, dövlət əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə əlavə iş yerlərinin və uyğun şəraitə malik müəssisə və təşkilatların yaradılmasını, həmçinin xüsusi proqramlar üzrə təlimlərin təşkilini nəzərdə tutur.
“Bu təlimlər çərçivəsində yalnız peşə bacarıqlarının deyil, həm də ünsiyyət, empatiya, vaxtın idarə olunması, tənqidi və analitik düşüncə, problem həlli və korporativ davranış kimi yumşaq bacarıqların inkişaf etdirilməsinə diqqət yetirilir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əlilliyi olan şəxslərin işlə təmin edilməsi üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir.
Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə iş yerlərindən biri, 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 2 faizi, 100-dən çox işçisi olan müəssisələrdə isə orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulur”.
Bundan əlavə, qanunvericilik dövlət tərəfindən əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün zəruri şəraitin yaradılmasını və onların iqtisadi fəaliyyətlərinin genişləndirilməsinə yönəlmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Əlilliyi olan şəxslərin ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına da zəmanət verilir.
Bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi və DOST tərəfindən həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşıyır.
Əlilliyi olan şəxslər hansı sahələrdə işləyə bilər?
İqtisadçı-ekspert Günay Hüseynova isə bildirib ki, əlilliyi olan şəxslərin sağlamlıq və əmək qabiliyyətlərinə uyğun işlərə cəlb olunması həm dövlət, həm də özəl müəssisələrdə daha geniş və effektiv şəkildə təmin edilməlidir.
Ekspertin sözlərinə görə, bir çox hallarda əlilliyi olan şəxslərin əldə etdiyi sosial ödənişlərin əhəmiyyətli hissəsi sağlamlıqla bağlı xərclərə yönəlir. Bu baxımdan onların əmək bazarına cəlb olunması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir.
“Əlilliyi olan şəxslərin əlillik dərəcələrinə və əmək qabiliyyətlərinə uyğun işlərdə çalışması dövlət və özəl müəssisələrdə daha geniş şəkildə təmin olunmalıdır. Məsələn, call-center, bank, onlayn xidmətlər və digər sahələrdə əmək qabiliyyəti buna imkan verən şəxslərin çalışması məqsədəuyğun olardı”, – deyə Günay Hüseynova bildirib.
Ekspert hesab edir ki, təhsil alan və əlillik dərəcəsi işləməyə imkan verən şəxslərin əmək bazarına erkən inteqrasiyası onların həm iqtisadi müstəqilliyini artırar, həm də cəmiyyətə daha aktiv şəkildə qoşulmasına şərait yaradar.
Günay Hüseynova, həmçinin əlilliyi olan şəxslər arasında yaradıcılıq və əl işləri ilə məşğul olanların sayının kifayət qədər çox olduğunu vurğulayıb. Onun sözlərinə görə, rəssamlıq, aksesuar hazırlanması, toxuculuq və digər sənət sahələrində fəaliyyət göstərən şəxslər üçün satış, sərgi, onlayn ticarət və sahibkarlıq imkanlarının genişləndirilməsi ciddi iqtisadi potensiala malikdir.
Beləliklə, Azərbaycanda əlilliyi olan şəxslərin təhsil və məşğulluq hüquqlarının təmin edilməsi üçün hüquqi baza mövcuddur. Əsas məsələ isə həmin hüquqların praktikada daha effektiv reallaşdırılması, işə qəbul zamanı ayrı-seçkiliyin qarşısının alınması, iş yerlərinin şəxslərin fərdi imkanlarına uyğunlaşdırılması və onların əmək bazarında davamlı şəkildə təmsil olunmasının təmin edilməsidir.
Əlilliyi olan şəxslərin yalnız sosial yardım alan kateqoriya kimi deyil, təhsil alan, peşə qazanan, çalışan, sahibkarlıq fəaliyyəti göstərən və iqtisadi dəyər yaradan fərdlər kimi cəmiyyətə inteqrasiyası həm sosial ədalət, həm də ölkənin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az

