Əliyev, Ərdoğan və Paşinyan Səmərqənddə ŞƏT sammitində iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov öz Facebook səhifəsində məlumat verib.
Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT sammitində qonaq qismində iştirak edəcəklər.
Ümumilikdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlətin başçısı iştirak edəcək.
Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon da var.
Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.
“Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir ŞƏT liderlərinin 2019-cu ildən bəri ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması olacaq”, – deyə Əsədov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
