Əliyev-Paşinyan görüşündə hansı razılıq əldə oluna bilər? – ÖZƏLbackend

Əliyev-Paşinyan görüşündə hansı razılıq əldə oluna bilər? - ÖZƏL

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Maraqlıdır, sözügedən görüşdə hansı məsələlərin müzakirəsi gözlənilir? Görüşdən gözləntilər nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Ermənistan həm haqsız, həm də məğlub tərəfdir:

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyadakı balansı tamamilə dəyişdi. Bu müharibəni yeni dünya düzəninin qurulmasında başlanğıc hesab etmək olar. Bu gün lokal münaqişələr anlayışı demək olar ki, sıradan çıxıb. Artıq bütün münaqişələr beynəlxalq əhəmiyyət kəsb edir. Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazandı. Bu qələbə həm də Qafqazda balansın dəyişməsi ilə nəticələndi. Bu gün Ermənistanın Azərbaycanın təqdim etdiyi beş bəndlik baza prinsiplərini qəbul etməkdən başqa şansı yoxdur. Çünki Ermənistan bu münaqişənin həm haqsız, həm də məğlub tərəfidir. Ağır sosial-iqtisadi vəziyyət onlara başqa çıxış yolu tanımır”.

Politoloqun fikrincə, görüşdə konkret nəticələrin əldə olunacağı gözlənilmir:

“Danışıqlar müxtəlif istiqamətlərdə aparılır və bu, təbiidir. Azərbaycan tərəfi danışıqları çox məharətlə aparır. Müharibədə qazandığımız parlaq qələbədən sonra diplomatik masada da qalib gələcəyik. Azərbaycanın ərazi bütövlüyü sülh müqaviləsi ilə tamamilə rəsmiləşəcək. Sözügedən görüşdə regionda baş verən bir sıra məsələlərin də müzakirə olunacağı gözlənilir. Azərbaycan artıq öz şərtlərini həm Ermənistana, həm də ictimaiyyətə bildirib. Söhbət sülh danışıqlarına başlamaq üçün irəli sürülən beş şərtdən gedir. Ermənistan siyasi rəhbərliyi həmin baza prinsiplərinə müsbət yanaşır. Bu görüş Avropada Şarl Mişelin rəhbərliyi ilə keçirilən ilk görüş deyil. Görüşdə konkret nəticələrin əldə olunacağı gözlənilmir. Lakin bu görüş sülh müqaviləsinin imzalanması istiqamətində irəliyə doğru atılmış bir addım olacaq”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*