Əntiq əşyalar üçün 0 vergi, dərmanlar üçün 18%? – Partiya sədrindən SƏRT SÖZLƏRbackend

Əntiq əşyalar üçün 0 vergi, dərmanlar üçün 18%? - Partiya sədrindən SƏRT SÖZLƏR

Hökumət xaricdən idxal olunan incəsənət əsərləri, kolleksiya və əntiq əşyaların ƏDV-dən azad edilməsi ilə bağlı yeni təkliflə çıxış edib və sənədi Parlamentə göndərib.

KONKRET.az xəbər verir ki, təklifdə deyilir:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək”.

Bununla da ölkəyə gətirilən bahalı əntiq və incəsənət nümunələri 18 faiz əlavə dəyər vergisindən azad olunacaq.

Məsələ ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edərək qərarı sərt tənqid edib.

O bildirib ki, bu təşəbbüs əhalinin sosial rifahına real təsir göstərmir: “350 manat təqaüd alan Mamed dayı, 700 manat maaş alan Vəli əmi, Sənəm xala buna çox sevinəcəklərmi? Onlar illərdir dərman, ərzaq və uşaq yeməklərini 18 faiz artıq qiymətə alırlar. Amma hökumət bu vergini ləğv etmək əvəzinə, ‘beş-on’ kolleksionerin ödəyəcəyi vergidən imtina edir”.

Natiq Cəfərli qeyd edib ki, uzun illərdir dərman və əsas ərzaq məhsullarında ƏDV-nin azaldılması təklif olunur, lakin bu istiqamətdə real addım atılmır.

Onun sözlərinə görə, əgər bu güzəşt muzeylər və ictimai sərgilər üçün tətbiq olunsaydı, müəyyən qədər başadüşülən olardı:

“Amma bu qərarın hamıya şamil edilməsi sosial ədalət prinsiplərinə ziddir və cəmiyyətin böyük hissəsinin maraqlarına xidmət etmir”.

İqtisadçı hesab edir ki, prioritet sadə vətəndaşların gündəlik xərclərinin azaldılması olmalı, vergi güzəştləri isə məhdud çevrənin deyil, geniş ictimaiyyətin rifahına yönəlməlidir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*