“Azərbaycan tərəfi Gorus-Stepanakert magistral yolunun sol tərəfində yerləşən Ermənistanın Syunik (Zəngəzur) rayonunun Aravuz kəndinin ehtiyat torpaq fondunun ərazilərini əlindən alır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri müstəqil millət vəkili Takuhi Tovmasyan dekabrın 8-də parlamentdəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, “Syuniki müdafiə edən təxminən 80 könüllü on illərdir becərdiyi və istifadə etdiyi torpaqları tərk edərək geri çəkilmək məcburiyyətində qalıb. Reallıq budur ki, Aravuz kəndinin ehtiyat torpaq fondundan 37 hektar ərazi Azərbaycan tərəfinə verilib. Bu 37 hektarın 9 hektarı Ermənistan vətəndaşları tərəfindən özəlləşdirilmişdi. Vətəndaşlarımızın mülkiyyət sertifikatları da var, lakin indi bu ərazilərdən istifadə etmək hüququndan məhrumdurlar. Üstəlik, biz həmin insanların yaşayış vasitəsi olan əkin sahələrindən bəhs edirik”.
Deputat sonda həyəcanla bunları deyib: “Sərhəd kəndlərinin sakinləri azərbaycanlılarla nə qədər müstəqil danışıqlar aparmaq məcburiyyətində qalacaqlar? Onların torpaqları qorumaq üçün nə qədər müddətə könüllü dəstələr yaratmalı olduqları məlum deyil. Həqiqət budur ki, indi vətənimizin sərhədlərini düşmənə təhvil veririk”.
KONKRET.az
