Ermənistan mətbuatının İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüşün Vaşinqtonda keçiriləcəyi ilə bağlı yaydığı xəbər müzakirələrə yol açıb. Bir çox siyasi analitiklər belə bir görüşün keçirilməsinin mümkün olmayacağına dair fikir səsləndirsələr də, bəziləri iddiaların reallaşacağına şübhə etməyiblər. Bəs görəsən Əliyev-Paşinyan görüşünün Brüsseldə deyil, Vaşinqtonda keçirilməsi mümkündürmü? Əgər belə bir ehtimal reallaşsa, Rusiya hansısa təpki göstərə bilərmi? Yaxud Vaşinqtonda görüş baş tutsa, tərəflər arasında sülh müqaviləsi imzalanacaqmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan mətbuatının yazdığı xəbərin həqiqətə nə qədər uyğun olub-olmadığını söyləmək çətindir. Çünki bu məsələ ilə bağlı bəzən müxtəlif iddialar səslənir: “Hələ keçən ay Ermənistan mətbuatı aprelin 7-də Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı razılaşma əldə edildiyini yazırdı. Amma biz gördük ki, yazılan bu məlumatlar bir çox hallarda həqiqətə uyğun olmur və reallaşmır. Vaşinqtonda belə bir görüşün keçiriləcəyi ilə bağlı səslənən iddia ABŞ-ın Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətindəki aktivliyi ilə əlaqədardır. Belə ki, ABŞ dövlət katibinin vasitəçiliyi ilə Münhendə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirildi və orada ciddi müzakirələr aparıldı. Burada Azərbaycan tərəfinin özünün də Laçın və Zəngəzur dəhlizinin hər iki tərəfində gömrük və sərhəd keçid məntəqəsinin qurulması ilə bağlı fikirləri səsləndirildi. Odur ki, vaşinqtonda belə bir görüşün keçirilməsi mümkündür. Amma hələlik bu, öz təsdiqini tapmayıb”.
Politoloqun sözlərinə görə, Rusiya ümumiyyətlə həm Avropa İttifaqının, həm də ABŞ-ın Cənubi Qafqazdakı proseslərə müdaxiləsini, yaxud buradakı məsələlərdə iştirakını arzulamır: “Rusiyanın xarici işlər naziri bunu dəfələrlə bəyan edib. Kreml hesab edir ki, ABŞ və Avropa İttifaqının proseslərdə iştirakı və vasitəçiliyi geopolitik çıxarlara hesablanıb və Rusiyaya qarşı yönəlib. Buna baxmayaraq hesab edirəm ki, Rusiyanın belə bir görüşün keçirilməsinə mane olmaq üçün resursları yetərli deyil. Amma tərəflərin Vaşinqtonda görüşü baş tutsa belə, nəticələrin olub-olmayacağı sual altındadır. Çünki Ermənistan tərəfi hazırda sülh müqaviləsini imzalamağa hazır deyil. Bir ildən çoxdur ki, Azərbaycan tərəfi Ermənistana özünün 5 baza prinsiplərini təklif etsə də, real nəticələr yoxdur. İrəvanın son bir ildəki destruktiv fəaliyyəti yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasının real olmayacağını göstərir. Odur ki, Vaşinqton görüşü keçirilsə belə, orada böyük nəticələrin əldə olunacağını düşünmürəm. Lakin müəyyən müsbət təsirlər ola bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
