Xocalı rayonunun Pirlər kəndinə ermənilər gətirilir. Onlara forma və silahlar yerindəcə verilir. Bu prosesi 200 metr aralıda sülhməramlı olduqlarını iddia edən rus hərbçiləri sakitcə izləyirlər.
Bəs görəsən, ermənilər Qarabağa hansı məqsədlə gətirilir? Növbəti təxribat gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.
O bildirib ki, Azərbaycan ordusu ermənilərə xəbərdarlıq edib:
“Erməniləri Qarabağa Rusiya sülhməramlıları gətirir. Buna görə də, baş verən hadisələrə sülhməramlılar göz yumur. Rus əsgərindən başqa nə gözləyə bilərik ki? Qarabağa erməniləri gətirməklə heç kim heç nəyə nail ola bilməyəcək. Çünki qısa bir müddətdə darmadağın olmuş ordunun nəyəsə nail olması mümkün deyil. Havadarları erməniləri geyindirə, onlara silah verə bilərlər. Bəs sonra nə olacaq? Azərbaycanın qəhrəman hərbçiləri silahlı erməniləri darmadağın edəcək. Bu məsələ ilə bağlı narahat olmağa dəyməz. İndiyə qədər bir neçə dəfə xəbərdarlıq almasına baxmayaraq, sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər. Daha öncə olduğu kimi bu dəfə də hərbi forma geyindirdikləri yaramaz erməni yaraqlılarını Azərbaycan ordusu təmizləyəcək. Bu istiqamətdə iş aparılır. Azərbaycan tərəfi qısa müddətdə öz qərarlarını vermələri üçün ermənilərə səsgücləndiriclərlə lazımi məlumatları çatdırıb. Əks təqdirdə ordumuz nə lazım gələrsə, onu da edəcək”.

Ekspert bildirib ki, ermənilər öz əməllərini gizlədib bizi yalançı çıxarmağa çalışır:
“Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinə hazır olduğunu desə də, Qarabağda belə addımlar atır. Bununla ermənilər öz əməllərini gizlədib bizi yalançı çıxarmağa çalışırlar. Onlar həm siyasi, həm də hərbi sahədə öz işlərini görürlər. Bütün bunlar bir mərkəzdən – Moskvadan idarə olunur. Azərbaycan Baş Prokurorluğu Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin haqqında cinayət işi qaldıraraq beynəlxalq axtarışa verdi. Həm Müttəfiqlik Bəyannaməsində, həm də beynəlxalq hüququn tələbi kimi Rusiya Delyagini bizə təhvil verməlidir. Onun deputatlıq toxunulmazlığı ləğv edilməlidir. Rusiyanın Delyagini bizə verməyəcəyi aydındır. Ona görə də, ilk iş kimi rus hərbçilərini Qarabağdan göndərməliyik”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
