Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə görüş keçirmək təklifi göndəriblər. Lakin belə bir təklifin fonunda sərhəddə təxribatlara əl atmaqdan da çəkinməyiblər. Belə ki, erməni təxribatı nəticəsində artıq şəhidlərimizin olduğu bildirilir. Bəs görəsən bu cür təxribatlar fonunda Azərbaycan tərəfi Qarabağın erməni icmasının görüş təklifini qəbul edə bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, münaqişə aparan tərəflərin hər birinin sülh yaratmaq məqsədi ilə qarşı tərəfə müraciət etməsi mümkündür: “Separatçılarla hansısa səviyyədə danışıqlar olmalıdır. Biz iki dəfə müraciət etmişik, amma cəmi bir görüş baş tutub. Ona görə də, ermənilərin indiki müraciəti anlaşılandır. Ermənistandan nə qədər təpki olsa da, Qarabağda yaşayan minlərlə erməni Azərbaycan dövlətinə müraciət ünvanlayır və bizim vətəndaşlığımızı qəbul etmək istəyir. Yəni burada qeyri-adi heç nə yoxdur. Təklifin onlar tərəfindən edilmsi də ciddi problem deyil. Amma görünən odur ki, separatçıların çoxu bu görüşün keçirilməsini istəmir. Çünki Laçından başlayan atışmalar, şəhidlərimizin olması belə qənaətə gəlməyə əsas verir. Görünən odur ki, bu təklif Ermənistanın daxilindəki “Daşnaq” partiyasının nümayəndələrini, eləcə də Qarabağla bağlı iddiaları olan erməniləri razı salmır. Onlar çox təhlükəli oyuna daxil olublar. Sərhəddə atışmanın baş verməsi, şəhidlərin olması daha çox Azərbaycan tərəfini təxribata çəkmək xarakteri daşıyır”.

Politoloq Qarabağda Avropanın missiyasının olmasına da diqqət çəkib: “Onlarınəsas məqsədi münaqişənin Qərb səviyyəsində həll olunmasıdır. Təxribatların baş verməsi onların hesabatı və Azərbaycanı daha pis vəziyyətdə təqdim etmək üçün lazımdır. Amma ermənilərin bu planının baş tutacağına inanmıram. Rusiya da bu işlərdə iştirak edir. Çünki KTMT nizamnaməsinə görə, sərhəddə atışmalar baş verərsə, bu zaman ordu müdaxilə etməlidir. Ermənilər bəlkə də belə bir təxribatı törətmək üçün gizli razılaşıblar. Ola bilər ki, onlar Azərbaycanın hücuma keçməyini istəyirlər və rəmi Bakını fakt qarşısında qoymağa çalışırlar. Bununla da əldə etdiyimiz uğurları əlimizdən almaq məqsədi güdürlər. Amma ordumuzun belə bir təxribata gedəcəyinə inanmıram. Hazırda Ermənistan həm Avropa, həm də Rusiya ilə oynayır. Odur ki, hər iki halda vəziyyət İrəvanın xeyirinədir. Çünki onlar diqqəti sərhədə yönəldirlər, həm də Azərbaycanı təxribata çəkməyə çalışırlar. Bu təklifdən sonra ermənilərin sərgilədiyi reaksiya belədir. Azərbaycan hökuməti bu təklifə müsbət reaksiya verəcək. Amma biz heç bir halda təxribata getməməliyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
