“Ermənistanın bütün aviadaşıyıcıları Aİ-nin aviasiya qara siyahısına salınıb. Bu azmış kimi Paşinyanın başçılıq etdiyi hökumət bu məqsədlə yenə 290 milyon dram ayırıb və bu pullar aviasiya xidmətlərinin göstərilməsinə, eləcə də təhlükəsizlik məsələlərinə xərclənəcək”.
KONKRET.az xəbər verir ki, hökumət Qnel Sanosyanın rəhbərlik etdiyi Nazirliyə “Aviasiya xidmətlərinin göstərilməsi” proqramı üçün Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin “Müdafiə Sənayesi Kompleksinin İnkişafı” proqramından eyni məbləği azaltmaqla 290 milyon dram ayırıb.
Maraqlıdır ki, onlar bu pulu hərbi sənayeyə yönəltməyi nəzərdə tutur.
Xatırladaq ki, Avropa Komissiyası Ermənistanı hələ 2020-ci ildə Tatevik Revazyanın vəzifədə olduğu dövrdə bütün aviadaşıyıcıları ilə birlikdə yenilənmiş Aİ aviasiya “qara siyahısı”na daxil edib.
Avropa İttifaqının hava məkanında uçuşlar həyata keçirmək üçün üçüncü ölkələrin aviaşirkətləri Avropa standartlarına uyğun olmalıdır. Rəsmi olaraq Aİ Hava Təhlükəsizliyi Siyahısı adlanan Qara Siyahı 2 əlavədən ibarətdir. Əlavə “A”da fəaliyyəti Aİ səmasında tamamilə qadağan edilmiş aviaşirkətlər, “B”də isə xüsusi təyyarələrin girişi qadağan olunmuş aviaşirkətlər yer alır.
Paşinyanın hakimiyyəti dövründə Ermənistan ilk dəfə olaraq bütün aviadaşıyıcılara qadağa alaraq “A” əlavəsinə daxil edilib.
Natiq Səlim,
KONKRET.az