Ermənistan silah arsenalını yeniləyir – Rus silahlarından imtina nəyi dəyişəcək?backend

Ermənistan silah arsenalını yeniləyir - Rus silahlarından imtina nəyi dəyişəcək?

Ermənistan-Rusiya münasibətlərində gərginlik son həddə çatıb. Münasibətlərin daha da kəskinləşməsində maraqlı görünən Ermənistan Qərbdəki havadarlarının diqtəsiylə hərəkət edir. Ermənistandakı missiya qrupunun sayını artıran Avropa Birliyi indi köhnə qitənin 23 ölkəsini təmsil edən müşahidə missiyası göndərməyi planlaşdırır. Üstəlik Ermənistana Fransadan silah da tədarük ediləcək. Müxtəlif növ silah, sursat, döyüş texnikaları və hava hücumundan müdafiə sistemləri Ermənistana göndəriləcək. Rusiya isə Cənubi Qafqazdakı dayaqlarını saxlamaq üçün Ermənistanı əldən vermək niyyətində deyil.

Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası mövcuddur və düşmən ölkəinin Türkiyə və İranla sərhədlərini də məhz Rusiya hərbiçiləri qoruyur. Ermənistanın “Zvartnos” hava limanında da sərhəd-keçid məntəqəsinə ruslar nəzarət edir. Deməli, Ermənistana kimin gəlib-getdiyini ermənilərdən əvvəl ruslar qeydə alır. Bununla da son 30 ildə Rusiyanın forpostuna çevrilən Ermənistan indi müttəfiqinin əlindən sivişib çıxmaq istəyir.

Bunun üçün Qərbi özünə arxa-dayaq seçən Ermənistan rus silahlarından da imtina etməyi planlaşdırır. Silah arsenalının 99%-nin Rusiya istehsalı olan Ermənistan son vaxtlar Hindistandan bəzi silahlar alıb. Ermənistan hakimiyyəti bununla da öz arsenalını yeniləmək fikirindədir.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının rəhbəri Andranik Koçaryan da bəyan edib. Onun fikirincə, Ermənistan bundan sonra köhnə silahlardan istifadə etməyəcək, fəal şəkildə yeni müasir tərəfdaşlar və silahlar axtaracaq. Ermənistanın ictimai televiziyasına müsahibəsində Andranik Koçaryan bildirib ki, Ermənistan ordusunu modernləşdirmək üçün yeni və müasir silahların əldə edilməsi vacibdir: “Hökumət silah sahəsini fəal şəkildə inkişaf etdirir və silahların strukturunu şaxələndirir. Ordunun modernləşdirilməsinə kömək edəcək dostlar və yeni tərəfdaşlar axtarır”.

Eyni zamanda, Andranik Koçaryan “Rusiyadan hazırkı müqavilədə nəzərdə tutulan silahların tədarükü həyata keçirilmir”, – deyə narahatlığını ifadə edib:

“Biz Rusiya ilə strateji və tərəfdaşlıq münasibətlərimizin vəziyyətindən narahatıq. Lakin bu, o demək deyil ki, ehtiyaclarımızı ödəmək üçün başqa yollar və tərəfdaşlıqlar axtarmamalıyıq”, – deyə komissiya sədri bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*