Siyasi şərhçi Aşot Safaryan sosial şəbəkə hesabında paylaşdığı yazıda Ermənistan stadionlarından birində polis əməkdaşının azarkeşdən Qarabağ separatçılarının əski parçasını yığışdırmağı tələb etməsini simvolik hadisə kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, o, ölkədə baş verən son hadisələri “Overton pəncərəsi”nin nümunəsi adlandıraraq hakimiyyəti sərt tənqid edib.
Onun fikrincə, bir neçə il əvvəl belə mənzərəni təsəvvür etmək mümkün deyildi. Müəllif hesab edir ki, cəmiyyət mərhələli şəkildə buna alışdırılıb və nəticədə bu cür hadisələr adi hala çevrilib.
Safaryan yazır ki, bu proses 2018-ci ildən sonra başlayıb və baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın vaxtilə “iki Qarabağ müharibəsində minlərlə erməni gənci heç nəyin uğrunda həlak olub” məzmunlu çıxışından sonra sürətlənib.
O, Ermənistan cəmiyyətini “diri-diri qaynadılan qurbağa”ya bənzədib, ölkənin hazırkı vəziyyətini uzun müddət davam edən ictimai və siyasi dəyişikliklərin nəticəsi kimi qiymətləndirib.
Qeyd edək ki, vaxtilə Qarabağda fəaliyyət göstərən separatçı rejim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz fəaliyyət göstərib, münaqişə dövründə mülki əhaliyə qarşı çoxsaylı ağır cinayətlər törədib. Hazırda həmin separatçı qurumun bir sıra keçmiş rəhbər şəxsləri və nümayəndələri Bakıda həbsdə saxlanılır və onlarla bağlı cinayət işlərinə Azərbaycan məhkəməsində baxılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
