Gürcüstanın Axalkalaki bölgəsindəki Cavaxk sakinləri bu gün qapalı sərhədlərə etirazlarını bildirmək üçün Axalkalakinin mərkəzinə toplaşıblar. Meriya rəhbərliyi sakinləri qəbul etmək istəməsə də, etirazçılar binaya giriblər. Bələdiyyə sədri ilə görüşdə etirazçılar bir çox məsələ qaldırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Panorama.am” məlumat yayıb. Məlumatda deyilir ki, sərhədlərin bağlı olması üzündən sakinlər işə gedə bilmirlər və nəticədə çörəkpulu qazanmaqda çətinlik çəkirlər. Etirazçılar bələdiyyə sədrindən benzin üçün 400 lari tələb ediblər. Həmçinin qeyd ediblər ki, hökumət proqramı çərçivəsində kommunal xərclər üçün təzminat Cavaxetiyaya şamil edilmir, çünki yüksək dağ şəraitində istehlak çoxdur və təzminat altına düşmür. Etirazçılar mövcud vəziyyət üzündən banklara girov qoyulmuş evlərini itirə biləcəkləri kreditlərdən də danışıblar.
Bələdiyyə başçısı Yurik Hunanyan bəzi sualları cavablandırıb. Sərhədlərin açılacağını və hər kəsin Ermənistana və ya başqa bir yerə getməsinə icazə veriləcəyini vəd edə bilməyəcəyini söyləyib. O, bəzi məsələlərdə insanlara konkret köməkliklərin göstərilicəyini deyib.
KONKRET.az
