Bir qrup yüksək səviyyəli diplomat və hərbi səlahiyyətlilər “London Times” qəzetinə sensasiyalı detallarla zəngin olan məktub yazıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, məktub müəllifləri narahatlıqla vurğulayır ki, “ölkələrimiz istəmədən özlərini hərbi münaqişə vəziyyətinə gətirir”.
8 dekabr tarixində yayımlanan məktubda Rusiya ilə Qərb arasındakı münasibətlərin Soyuq Müharibə bitdikdən bəri ən aşağı səviyyədə olduğu barədə xəbərdarlıq edilir və “30 ildir hamımızı qoruyan müqavilələrin artıq qüvvədən düşdüyü və ya köhnəldiyi bildirilir”.
Bu, sadə insanların fikri deyil, Rusiya və Qərb arasındakı münasibətləri müşahidə etmək və onlara rəhbərlik etmək sahəsində uzun illər təcrübəsi olan aparıcı siyasətçilərin, diplomatik nümayəndələrin və hərbi ekspertlərin qənaətləridir. Ən əhəmiyyətlisi də odur ki, bu yekdil rəyə fərqli düşərgələrin nümayəndələri gəlib.
Məktub müəlliflərinin dediyi kimi, yüksək səviyyəli rus və qərb təhlükəsizlik mütəxəssisləri nadir hallarda dialoqa girir və bir-birləri ilə demək olar ki, qarşılıqlı əlaqədə olmurlar. Tərəflər ortaq dil tapa bilmirlər. Fəqət ona görə də belə bir məktubu yazmaqla bütün səviyyələrdə fəaliyyətsizliyin aradan qaldırılmasına nail olmağın vacibliyini deyirik”.
Məktubda Avropa Liderlik Şəbəkəsi beyin mərkəzi veb saytında yerləşdirilən uzun bir məqalədə qaldırılan məsələlər ümumiləşdirilib. Məqalədə yeddi əsas təklif göstərilib. Onlardan ən əsası Rusiya ilə NATO arasında mənalı dialoqun bərpasıdır. Eləcə də şəffaflığı artırmaqla təhlükəli hərbi fəaliyyətlərdən qaçınmaq və xüsusi rabitə kanalları təmin etməklə sabitliyi gücləndirmək məqsədəmüvafiq hesab edilir. Müəlliflər hesab edir ki, bu tədbirləri həyata keçirməklə ciddi qarşıdurma riskini minimuma endirmək olar.
Bu sənədi ABŞ-dan Stroub Talbott və Alexander Verşbou və keçmiş NATO baş katibi Corc Robertson da daxil olmaqla 20 ölkədən 145 hərbi və diplomatik və təhlükəsizlik mütəxəssisi imzalayıb.
Bu, Rusiya ilə Qərb arasındakı münasibətlərin bu qədər ciddi və potensial təhlükəli həddə çatdığına dair əsasların olduğunun sübutudur.
Soyuq Müharibənin sonrakı mərhələlərində insanları səhvən nüvə zərbəsi qorxusu təqib edirdi. Məktubda xüsusi olaraq vurğulanır ki, quruda, havada və dənizdə istənilən qarşıdurma riskini azaldacaq ümumi qaydalar hazırlanmalıdır.
Hərbi ekspertlər və siyasi şərhçilər hesab edir ki, soyuq müharibənin bitməsindən bəri Qərblə Rusiya arasındakı münasibətlərə ən ağır zərbə Moskvanın 2014-cü ildə Ukrayna Krımını ilhaq etməsi idi. Buna görə də Rusiya dünyanın qabaqcıl sənayeləşmiş ölkələrinin klubu olan Səkkizlər Qrupundan çıxarıldı, genişmiqyaslı Qərb sanksiyaları tətbiq olundu.
Krımın ilhaqından sonra gərginlik artmaqda davam edir. Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya bir vaxtlar Sovet İttifaqının respublikaları idilər və indi NATO üzvləridir), Rusiyanın hərbi gücdən istifadə edərək daxili işlərinə qarışa biləcəyi barədə dəfələrlə dünya birliyini xəbərdarlıq edib.
Rusiya TASS xəbər agentliyinin verdiyi məlumata görə, 7 dekabrda Rusiya Kalininqrad bölgəsindəki qoşun sayını artırmağı planlaşdırdığını elan edib. Rusiya bu addımı sərhədləri yaxınlığında NATO qüvvələrinin yığılmasına cavab olaraq atdığını deyib.
Natiq Səlim,
KONKRET.az
