Fransanın hüquq müdafiə təşkilatı Qarabağdakı quldur rejimi ifşa etməyi üzərinə götürüb.
KONKRET.az xəbər verir ki, Fransanın “Vicdan Azadlığı Assosiasiyalarının Koordinasiya İttifaqı” hüquq müdafiə təşkilatı Qarabağda korrupsiya, özbaşınalıq və insan haqlarının kobud şəkildə pozulmasını ifşa etmək məqsədi daşıyan “Anti-Valleks” kampaniyasının təşəbbüskarı olub.
Təşkilatın saytında və sosial media hesablarında yayılan bəyanatda Qarabağ separatçıları rəhbərlərinin Xankəndi şəhər sakini Yuri Musaelyana qarşı vəhşiliklərinə diqqət çəkilir.
Bu günlərdə sosial şəbəkələrdə Xankəndi sakini Yuri Musaelyanın üzü qanlı fotosu yayılıb.
İctimai fəal Musaelyan Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın yaxın adamları tərəfindən həyat yoldaşı və uşaqlarının gözü qarşısında vəhşicəsinə döyülüb. İddia olunur ki, Musaelyan bölgəni və sadə erməniləri talayan separatçı rejimə qarşı çıxdığı üçün Arayik tərəfindən cəzalandırılıb.
Bu nümunə fransalı hüquq müdafiəçilərinin fikrincə, son 30 ildə Qarabağın “boz yurisdiksiya zonası”nda formalaşmış hüquqdan məhrum edilmiş reallığı əks etdirir.
Bəyanatda qeyd olunur ki, “daimi səfərbərlik rejimi”nin kamuflyajı altında yerli əhali əsarət altına alınıb. Qarabağın təbii sərvətləri uzun illər Serj Sarkisyan və Qarabağ klanının digər liderlərinin ciblərini dolduran “Valleks” kimi şirkətlər tərəfindən istismar edilib”.
Kampaniya beynəlxalq aktorların diqqətini Rusiya sülhməramlılarının məsuliyyət zonasında insan hüquqlarının vəziyyətinə cəlb etmək və regionda davamlı sülhün bərqərar olmasına töhfə vermək məqsədi daşıyır.
“Valleks” şirkətlər qrupunun bölgədəki fəaliyyəti Qarabağ sakinlərinin əsas insan hüquqlarından məhrum edilməsini, təbii sərvətlərin talan edilməsini və ətraf mühitin dağıdılmasını simvolizə etdiyi üçün kampaniyanın devizinə “Anti-Valleks” adı seçilib.

Xuraman Etibarlı,
KONKRET.az
