Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tiflis, İmereti və Sameqrelo bölgələrində keçirdikləri xüsusi əməliyyat nəticəsində “qanuni oğrular” və “oğru dünyası” ilə əlaqəli 26 nəfəri saxlayıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, daha 4 nəfərə qiyabi ittiham irəli sürülüb.
Məlumata görə, onlardan 3-ü “qanuni oğru”dur.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər maliyyə mübahisələrinin həllində iştirak edərək xaricdəki “qanuni oğru”larla əlaqə saxlayıb və “oğru söhbətləri” təşkil ediblər.
Axtarışlar zamanı kompüter texnologiyaları, mobil telefonlar, odlu silahlar, patronlar və narkotik maddə olan marixuana götürülüb.
Sözügedən cinayətlər barədə 15 ilədək həbs cəzası nəzərdə tutulur.