44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Lakin hələ də qələbəmizi həzm etməyən erməni separatçıları öz təxribatlarından geri qalmır. Rusiya sülhmərmalıları isə ermənilərin bu təxribatlarına göz yumaraq Azərbaycana qarşı haqsızlıq edir.
Bəs görəsən, həmin ərazilər separatçılardan nə zaman təmizlənəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Zaur Məmmədov cavablandırıb.
O bildirib ki, Qarabağda baş verən son hadisələr Azərbaycanın lehinədir:
“Təxribatlarla bağlı müxtəlif dövlətlərin, o cümlədən, Ermənistanın verdiyi açıqlamalar birmənalı deyil. Son hadisələr göstərir ki, Bakı öz istəklərinə asanlıqla çatıb. Fərrux hadisələrindən bir müddət əvvəl Azərbaycan Rusiya sülhməramlılarına, erməni mülki əhalisinə və separatçılara xəbərdarlıq etmişdi. Çünki əlisilahlı erməni terrorçuları Azərbaycan Ordusuna qarşı xəndəklər qazaraq, istehkamlar qururdu. Azərbaycan bir daha Ermənistana bildirdi ki, 30 il əvvəl olduğu kimi bu gün də Azərbaycana qarşı istehkamlar quran separatçılara qarşı ciddi tədbirlər görüləcək. Fərrux kəndi bu tədbirlərin birinci mərhələsi hesab oluna bilər. Görünür, üçtərəfli bəyanatın bəndlərində qeyd olunan məsələləri, diplomatların bacarmadığını Azərbaycan dəmir yumruğu ilə həll edəcək. Eynilə Xocavənd və bir sıra digər istiqamətlərdə də yaxın vaxtlarda erməni silahlılarının qovulması üçün lazımi bütün addımlar atılacaq”.

Politoloq əlavə edib ki, Ermənistan gec və ya tez Azərbaycanın tələblərini yerinə yetirməlidir:
“Üçtərəfli bəyanatda aydın şəkildə göstərilib ki, erməni silahlıları rus sülhməramlıları bölgəyə gəldiyi andan ərazilərimizdən çıxarılmalıdır. Lakin onlar ərazilərimizdən getmədi və səbəblər hamıya aydındır. Ukrayna müharibəsi kontekstində ABŞ və Rusiya geosiyasi mübarizə aparır. Lakin hegemon dövlətlər və müxtəlif geosiyası qüvvələr başa düşməlidir ki, əgər onlar Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyirsə, Azərbaycanın tələblərini mütləq şəkildə yerinə yetirməlidir. Təəssüf ki, bəzi qonşu dövlətlər erməni separatçılarına dəstək verir. Onlar Ermənistanla Azərbaycan arasında ziddiyətlərin daha da dərinləşməsini istəyir. Amma həmin dövlətlər başa düşməlidir ki, bu gün Ermənistan rəhbərliyinin özü Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasında maraqlı tərəf kimi çıxış edir. Ermənistan Respublikası və erməni separatçıları başa düşməlidir ki, Azərbaycanın tələblərini yerinə yetirməlidir, əks halda onların məhvə doğru sürüklənməsi qaçılmaz olacaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
