Ermənistanın 2020-ci il dövlət büdcəsi layihəsində Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə 25 milyon dollar ayrılıb. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan parlamentdə bəyan edib.
Onun sözlərinə görə, hərbi sənaye proqramlarının icrası üçün nəzərdə tutulan vəsait 22% artaraq 13 milyon dollar təşkil edib. Vəsaitin bir hissəsi tədqiqat və inkişaf proqramlarının həyata keçirilməsinə, digəri isə Ermənistanın hərbi-texniki ehtiyaclarını və beynəlxalq bazarlara çıxma imkanları nəzərə alınmaqla istehsal imkanlarının inkişafına yönəldiləcək.
Texnologiyaların sürətli inkişafını nəzərə alaraq proqramçılar və mühəndislər üçün qabaqcıl təlim proqramlarının aparılması planlaşdırılır, bunun üçün 400 min dollar ayrılmışdır. Proqram çərçivəsində 6 min nəfər (onların yarısı paytaxtda) özəl sektorla birgə təşkil olunan inkişaf təlim kurslarına qatılacaq.
Nazir gələn ilin birinci yarısında 30-a yaxın şirkətin fəaliyyət göstərəcəyi mühəndislik şəhərciyinin inşasına başlanacağını da söyləyib. Bu, əlavə 1500 iş yerinin açılmasına kömək edəcək. Nazir hökumətin özəl sektorla birlikdə mühəndis şəhərciyinə 20 milyon dollar sərmayə qoyacağını söyləyib.
