Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 9 ay ərzində 122 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 2026-cı ilin 9 ayı ərzində 122 əməkdaş, o cümlədən 72 rəhbər heyət üzvü barəsində tədbirlər görülüb. Onlardan 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb.
Həmçinin 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Hərbi vəzifələrin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə məsuliyyət tədbirləri sərtləşdirilib. Hüquq-mühafizə orqanları ilə birgə həmin şəxslərin müəyyənləşdirilməsi, çağırışa cəlb olunması və barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Eyni zamanda, hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində də dəyişikliklər edilib. 1 iyul 2024-cü ildən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir.
Məlumat mübadiləsinin elektronlaşdırılması və institusional optimallaşdırma tədbirlərinin tibbi şəhadətləndirmə prosesində korrupsiya risklərinin azaldılmasına, şəffaflıq və hesabatlılığın artırılmasına xidmət etdiyi qeyd olunub.
Digər yenilik isə hərbi qeydiyyat və çağırış proseslərinin rəqəmsallaşdırılmasıdır. Hazırda bir sıra arayışlar, tibbi şəhadətləndirilmənin nəticələri, vətəndaşın xidmət keçmək üçün təyin edildiyi qoşun növü barədə məlumatlar “MyGov” platforması üzərindən təqdim olunur. Vətəndaşlar həmçinin elektron kabinet vasitəsilə müraciətlər göndərə və cavabları elektron qaydada ala bilirlər.
2011-ci il təvəllüdlü, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınması prosesi də tam elektronlaşdırılıb. Bildirişlərin göndərilməsi, qərarların qəbulu, vətəndaşların məlumatlandırılması və tələb olunan sənədlərin alınması “MyGov” üzərindən həyata keçirilir. İlkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız formasından da imtina edilib.
Dövlət Xidməti hərbi xidmətə çağırış zamanı tibbi şəhadətləndirmədə süni intellektdən istifadə imkanlarını da nəzərdən keçirir. Planlaşdırılan sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edərək normadan kənar göstəriciləri və potensial risk profillərini müəyyənləşdirəcək.
Qeyd olunub ki, süni intellekt sistemi yekun tibbi rəy verməyəcək. O, yalnız həkim-ekspertin diqqətinə riskli göstəriciləri çatdıracaq və son qərar hərbi-həkim komissiyası tərəfindən qəbul ediləcək. Hazırda bu layihə aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.
