HƏYƏCAN TƏBİLİ: Metsamorun tullantıları Azərbaycan ərazilərində basdırılıb?backend

HƏYƏCAN TƏBİLİ: Metsamorun tullantıları Azərbaycan ərazilərində basdırılıb?

“Bu gün region üçün ən böyük təhlükə Metsamor AES-dır. Təəssüf ki, Metsamor AES bu gün fəaliyyətini davam etdirir”.

Bu fikirləri KONKRET.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyəti şərh edərkən bildirib. Komitə sədrinin sözlərinə görə, Metsamor AES-nın fəaliyyəti işimizi yarımçıq qoya bilər:

“Çünki Türkiyə sərhədindən cəmi 16 km, Türkiyənin İğdır bölgəsindən 28 km, İranla 60 km, Gürcüstanla isə 110 km məsafədədir. Bizimlə Metsamor arasında 120 km məsafə var. Bu gün Dağlıq Qarabağı yenidən cənnətə çevirmək fikrindəyik. Qarabağa qoyulan investisiyalar onun inkişafına, dünyaya inteqrasiyasına səbəb olacaq. Ancaq Metsamorun fəaliyyəti təhlükə olduğundan işimizi yarımçıq qoya bilər”.

Sadiq Qurbanov Metsamor AES-nın seysmik zonada yerləşməsinə də diqqət çəkib: “Məsələnin birinci tərəfi Metsamor AES-nın seysmik zonada yerləşməsi və köhnə olması ilə bağlıdır. Metsamorun birinci bloku 1976-cı, ikinci bloku 1983-cü ildə istismara verilib.

Hətta həvəslənib 3 və 4-cü bloku da yaratmaq istəyirdilər. Lakin həmin ərazidə güclü zəlzələ olduğundan insan itkisi çox oldu. Ardınca Çernobıl hadisəsi baş verdi. Ona görə də 3-cü və 4-cü bloku saxladılar. Bu gün istifadə olunan reaktorlar birinci nəsil köhnəlmiş reaktorlardır. Digər tərəfdən onların yerləşdiyi yer seysmik zonadadır. Birinci nəsildə tikilmiş AES-rı nəzərə alsaq ki, 8 bal gücünə hesablanıb. 9 bal gücünə olsa, nə olar?!

Üstəgəl bunlar köhnəlib. Köhnəlmə də əlavə problem yaradır. Ermənistan hökuməti 2014-cü ildə 2026-cı ilə qədər Metsamorun istismarını uzatdı. Qonşu dövlətdən istifadə üçün 270 milyon dollar pul alıb. Enerjiyə olan tələbatı ödəmək üçün əlavə 30 milyon qrant alıb. Bütün bunlar onu göstərir ki, orada hələ də təhlükə var”.

Parlamentari Metsamorun fəaliyyət göstərdiyi yerdə tullantıların olmasına da toxunub:

“Ermənistan iqtisadiyyatı imkan verə bilməzdi ki, o tullantıların zərərsizləşdirilməsi ilə məşğul olsun. Onlar mütləq işğaldan azad edilmiş ərazilərimizdə basdırılıb. Güman ki, bu məsələlər mütləq araşdırılmalıdır. Həmin tullantıların harada basdırılması üzə çıxmalıdır. Bu da ermənilərin hesabına həyata keçirilməlidir ki, cərimə də yazılsın. Ümumiyyətlə, tullantılar bərk halda basdırılıb, maye halında çaylarımıza axıdılıb”.modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*