Hindistan Hərbi Hava Qüvvələri “BrahMos” səsdən sürətli qanadlı raketi daşıyan “Su-30MKI” qırıcılarının sayını 65-ə çatdırmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Times of India” Hərbi Hava Qüvvələri komandanlığına istinadən məlumat yayıb.
“Biz “BrahMos” raketləri ilə silahlanmaq üçün təkmilləşdirilən “Su-30MKI” qırıcılarının sayını artıracağıq. Onların modernləşdirilməsi Hindistan müəssisələrində həyata keçiriləcək”, – Hərbi Hava Qüvvələrinin komandanı Çaudhari bildirib.

Onun sözlərinə görə, yeni qırıcılar 450 km mənzilli yeni nəsil “BrahMos” raketi ilə təchiz ediləcək.
Bildirilib ki, Hindistan Hərbi Hava Qüvvələri beş il ərzində xidmətdə olan 272 “Su-30MKI”nin hamısını təkmilləşdirəcək.
Qeyd edək ki, “BrahMos” Rusiya-Hindistan birgə müəssisəsi “BrahMos Aerospace” tərəfindən istehsal edilən səsdən sürətli qanadlı raketdir. Raketin ilk sınaq buraxılışı 2001-ci ildə baş tutub. Hindistan hazırda 800 km mənzilli yeni nəsil “BrahMos-NG”nin uçuş sınaqlarına hazırlaşır.

İqbal Rzayev,
KONKRET.az
