Hindistanda gənc bir adam gecə yatarkən “ağıllı” telefonun partlaması nəticəsində dünyasını dəyişib.
KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, hadisə Hindistanın Jaqatsinqhpur bölgəsində baş verib.
İndiyə qədər bir çox insan telefon partlaması nəticəsində xəsarət alıb. Ancaq bu dəfəki partlayış ölümlə nəticələnib.
22 yaşlı Kuna Pradhan telefonu enerji yığan alətə qoşulu vəziyyət qoyaraq yatıb. Bu zaman telefon bomba kimi partlayıb. Partlayışı səhər saat 5 radələrində eşidən qonşular bədbəxt hadisənin qurbanı olan gənci xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Partlayışa səbəb olan telefonun marka və modeli açıqlanmayıb. Hər kəsin diqqətini çəkən hadisə ilə bağlı suallar cavabsız qalıb. Daha ətraflı izahat üçün araşdırmanın aparılacağı qeyd edilib.

Xatırladaq ki, ağıllı telefonun partlaması zamanı ölən təkcə hindistanlı Kuna Pradhan deyil. Oxşar hadisə Qazaxıstanda da yaşanıb və bir gənc enerji yığan naqilə taxılı vəziyyətdə olan ağıllı telefonun partlaması nəticəsində hadisə yerindəcə ölmüşdü. Ancaq telefonun marka və modeli yenə də gizlin saxlanılmışdı.
Ağıllı telefonların tez-tez partlamasına diqqət çəkən mütəxəssislər gecələr yatarkən telefonu enerji alətinə qoşulu vəziyyətdə qoymamağı məsləhət görürlər. Bundan başqa, həmin vəziyyətdə telefondan istifadə etməmək təhlükəsizlik baxımından çox vacibdir.
Hazırladı: Firuzə ALİMOVA