Vahid Günəş həbsdə oturduqdan sonra işsiz qalıb və azadlığına görə haqq ödəməli olub.
Oktyabr ayında Dünya Bankı yanında İnvestisiya Mübahisələrini Tənzimləyən Beynəlxalq Mərkəzin nəzdində yaradılan Beynəlxalq Arbitraj Məhkəməsi türkiyəli iş adamı Vahid Günəşin şirkətinin lehinə qərar verib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun bildirdiyinə görə, Özbəkistan hökuməti ona 40 milyon dollar təzminat ödəməlidir.
Məhkəmənin təyin etdiyi məbləğin Vahidin tələbindən 3,5 dəfə az olmasına baxmayaraq, məhkəmə qərarı iddiaçını qane edib. Bu barədə biznesmenin özü məlumat yayıb.

Xatırladaq ki, iddiaçı 7 il Özbəkistanda iş qurub. Günəşə qarşı cinayət təqibi 2011-ci ildə başlayıb – ona məxsus olan ticarət mərkəzi bağlanıb. Vahid özü həbs olunub, sonra məhkəmə onu və digər 7 iş adamını vergidən yayınma və kölgə iqtisadiyyatının inkişafına kömək etməkdə günahkar bilib. Şikayətçinin sözlərinə görə, istintaq təcridxanasında polislər tərəfindən işgəncələrə məruz qalıb.
Məhkumlar Özbəkistan hakimiyyətinə 700 min dollar ödədikdən sonra azadlığa çıxa biliblər.