İcra başçısından şəhid anasına HƏQARƏT: “Mən öz evimdən çıxıb sizə verən deyiləm ki?!”backend

İcra başçısından şəhid anasına HƏQARƏT: “Mən öz evimdən çıxıb sizə verən deyiləm ki?!”

İçimizdəki 30 illik Qarabağ həsrətini bitirənlərə, bizi öz doğma torpağımıza qovuşduranlara, ərazi bütövlüyümüzü təmin edənlərə, milli heysiyyətimizi bizə qaytaranlara kiçikdən-böyüyə hər birimizin ömrümüzün sonuna kimi bir təşəkkür borcu var. Bəli, söhbət Vətən müharibəsindəki qələbəmizi təmin edən qazilərimizdən, müharibə iştirakçılarımızdan və torpağı öz qanları ilə qarışdırıb Azərbaycan adlı məmləkət üçün canından keçən şəhidlərimizdən gedir. Bu gün dövlət tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərildiyi heç kimə sirr deyil. Lakin təəssüflə qeyd etməliyik ki, yerlərdəki bəzi məmurlar dövlətin bu siyasətinə xələl gətirən addımlar atmaqdan çəkinmirlər. Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyini buna misal göstərmək olar.

KONKRET.az-ın redaksiyasına müraciət edən şəhid anası Könül Mustafayeva Qəbələ rayonunda yaşayır. Özünün təbirincə desək, əgər buna yaşamaq demək mümkünsə. Çünki şəhid anası Qəbələ rayonunda yerləşən köhnə internat məktəbinin zirzəmisində uzun illərdir həyatla ölüm-qalım mübarizəsi aparır. 2001-ci il təvəllüdlü Vətən müharibəsi şəhidi Mustafayev Elməddin Məhəmməd oğlu da elə bu ağır şəraitli zirzəmidən torpaqlarımızın müdafiəsinə yollanıb.
Şəhid anası deyir ki, oğlu Elməddin Mustafayev hərbi xidmətini başa vurmasına 2 aydan bir az vaxt qalmış Vətən müharibəsi başlayıb. Elməddin də Vətənin azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin valideynləri və bacısı indi ağır şəraitli zirzəmidə yaşamağa məcburdur. Şəhidin anası deyir ki, övladının əşyalarını yerləşdirməyə yer yoxdur, astma-bronxit xəstəsi olduğu üçün isə belə ağır vəziyyətdə yaşaya bilmir.

Könül Mustafayevanın sözlərinə görə, dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə ev şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müraciət etsələr də, orada sərgilənən rəftar heç də ürəkaçan olmayıb. Belə ki, ailə Qəbələ rayon İH başçısının I müavini Abdulla Əsədova,  başçı Səbuhi Abdullayevə müraciət edib. İcra başçısı isə şəhid ailəsinə “İndiyə qədər harada qalmısansa, bundan sonra da orada yaşa. Sən bizdən böyük şey istəyirsən, insanlar ömür boyu bir ev tikmək üçün yaşayırlar, mən öz evimdən çıxıb sizə verən deyiləm ki?!”, – deyərək sözün əsl mənasında şəhid ailəsinə neqativ münasibət göstərib. Şəhid anası deyir ki, icra başçısının sözləri ona əməlli-başlı təsir edib. Başçıdan ev tikmək üçün 3 sot torpaq istəyən şəhid ailəsi bu cür həqarətlə qarşılanmasını heç cür həzm edə bilmir.

19 yaşlı övladını Vətənə qurban verən ana deyir ki, oğlu qəhrəmanlığına görə Prezident tərəfindən 5 medalla (“Vətən Uğrunda”, “Cəsur Döyüşçü”, Füzulinin, Şuşanın, Xocavəndin azad olunmasına görə medalları) təltif edilib. Şəhid Elməddin Mustafayev Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. İndi ailənin tək istəyi ev şəraitinin yaxşılaşdırılmasıdır. İcra hakimiyyəti isə ailəyə bildirib ki, nə vaxtsa Qəbələdə şəhid ailələri üçün ev tikilərsə, o zaman da onlara mənzil veriləcək. Könül Mustafayeva isə yaşadığı şəraitin ağırlığından şikayətlənir və şəhid ailəsinin belə bir vəziyyətdə yaşamağa layiq olmadığını bildirir.

Ümid edirik ki, bu yazıdan sonra Qəbələ rayon İH rəhbərliyi öncə şəhid ailələri ilə düzgün rəftar etməyi öyrənəcək, daha sonra isə ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atacaq.

P.S. Yazıda adıçəkilən şəxslərin və Qəbələ rayon İH rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq!

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*