İki ölkə eyni anda sarsıldı, Azərbaycanda da narahatlıq yarandı – Təhlükəli bölgələrbackend

İki ölkə eyni anda sarsıldı, Azərbaycanda da narahatlıq yarandı – Təhlükəli bölgələr

İyunun 24-də dünyanın iki fərqli nöqtəsində güclü zəlzələlər baş verdi. Yaponiya sahillərində 7,2 bal gücündə zəlzələ qeydə alınsa da, ilkin məlumatlara görə ölən olmadı, cəmi bir neçə nəfər xəsarət aldı. Eyni gün Venesuelada ardıcıl 7,2 və 7,5 bal gücündə yeraltı təkanlar isə ağır dağıntılara səbəb oldu, ölənlərin sayı 150-ni keçdi.

Eyni gündə və oxşar gücdə baş verən zəlzələlərin bu qədər fərqli nəticələr verməsinin əsas səbəbi nədir? Azərbaycanın seysmik zonada yerləşdiyini nəzərə alsaq, ölkəmiz daha çox hansı modelə – Yaponiya təcrübəsinə, yoxsa digər ölkələrin yanaşmasına üstünlük verməlidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, zəlzələlər Yer qabığında tektonik tavaların hərəkəti nəticəsində toplanan enerjinin qırılmalar vasitəsilə sərbəst buraxılması zamanı yaranan zərbə dalğalarıdır:

“Onların təsir gücü 12 ballıq şkala ilə qiymətləndirilir. Yer kürəsinin müxtəlif bölgələrində dağəmələgəlmə və vulkanizm prosesləri fərqli intensivlikdə gedir. Buna görə də cavan dağ qurşaqlarında zəlzələlər daha tez-tez və güclü müşahidə olunur. Ümumiyyətlə, zəlzələlər dünyanın hər yerində baş verə bilər. Lakin dağəmələgəlmə prosesinin aktiv olduğu Sakit okean hövzəsi, Himalay və And dağları kimi bölgələrdə onlara daha çox rast gəlinir. Avropa kimi qədim dağ qurşaqlarında isə zəlzələlər adətən daha zəif və aşağı maqnitudalı olur. Zəlzələlərin yaratdığı fəsadlar isə təkcə onların gücündən deyil, ölkələrin hazırlıq səviyyəsindən də asılıdır. Müasir texnologiyalar zəlzələnin baş verə biləcəyini göstərən müəyyən parametrləri izləməyə imkan versə də, onun dəqiq vaxtını əvvəlcədən müəyyən etmək hələ mümkünsüzdür. Mütəxəssislər qrunt sularındakı dəyişiklikləri, Yer qabığında gərginliyi və digər geoloji göstəriciləri müşahidə edə bilirlər. Lakin filan gün və filan saatda müəyyən ərazidə zəlzələ olacağını dəqiq söyləməyə imkan verən texnologiya hələ mövcud deyil. Ən yaxşı halda, bəzi sistemlər bir neçə saniyə və ya dəqiqə öncədən xəbərdarlıq edə bilir”.

Ekoloq bildirib ki, zəlzələnin yaratdığı dağıntılar təkcə maqnitudadan asılı deyil:

“Onun davametmə müddəti və ocağının dərinliyi də mühüm rol oynayır. Bəzən 40 saniyə davam edən 6 ballıq zəlzələ, 10 saniyəlik 7,5 ballıq zəlzələdən daha çox dağıntıya səbəb ola bilər. Eyni maqnitudalı zəlzələlərdən səthə yaxın baş verənlər daha dağıdıcı olur, daha dərində yarananlar isə nisbətən az zərər verir. İnsan tələfatına təsir edən əsas amillərdən biri də tikinti keyfiyyətidir. Tikinti standartlarının yüksək olduğu, keyfiyyətə ciddi nəzarət edilən və zəlzələyədavamlı texnologiyaların tətbiq olunduğu ölkələrdə itkilər minimum səviyyədə olur. Qədim tikililərin üstünlük təşkil etdiyi yaşayış məntəqələrində isə dağıntılar daha çox müşahidə edilir. Məsələn, Yaponiyada zəlzələyə davamlı tikinti texnologiyaları geniş tətbiq olunur. Göydələnlərin bünövrələrində amortizasiya sistemləri və xüsusi izolyasiya texnologiyalarından istifadə edilir. Eyni zamanda əhali mütəmadi olaraq təlimatlandırılır və zəlzələ zamanı davranış qaydaları barədə maarifləndirilir. Buna görə də güclü zəlzələlər zamanı insan tələfatı nisbətən az olur. İnkişaf etməkdə olan ölkələrdə isə bu sahədəki çatışmazlıqlar itkilərin artmasına səbəb ola bilir”.

Ekspertin sözlərinə görə, ölüm sayına təsir edən digər amillər də mövcuddur:

“Zəlzələnin gecə və ya gündüz baş verməsi bunlardan biridir. Gecə saatlarında insanların əksəriyyətinin evlərdə olması tələfat riskini artırır. Bundan başqa, okean və dəniz sahillərində sunami təhlükəsi də əlavə risk yaradır. Həmçinin zəlzələdən sonra xilasetmə əməliyyatları aparılarkən ekstremal soyuq və ya isti hava şəraiti insanların sağ qalma ehtimalını azalda bilər. Azərbaycan da aktiv seysmik zonada yerləşir. Xüsusilə İsmayıllı-Ağsu zonasında və Kiçik Qafqazda güclü zəlzələlərin baş vermə ehtimalı mövcuddur. Bu istiqamətdə mütəmadi müşahidələr aparılır, Yer qabığında gərginlik və digər geoloji göstəricilər öyrənilir. Bu işlərlə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi qurumları məşğul olur. Zəlzələlərin mümkün təsirlərinin azaldılması yalnız alimlərin və dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir. Tikintiyə nəzarət, keyfiyyətli materiallardan istifadə, düzgün şəhərsalma siyasəti və təhlükəsizlik standartlarına əməl olunması gələcəkdə baş verə biləcək təbii fəlakətlərin nəticələrinin minimuma endirilməsində mühüm rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*