Dostlar bilir ki, mən təxminən altı il AzTV-nin Qazaxıstan və Orta Asiya ölkələri üzrə bürosunda çalışmışam.

Amma bu dəfə söhbət Özbəkistandan gedir.
Mənim üçün Özbəkistan yalnız Orta Asiyanın mühüm dövlətlərindən biri deyil. Bu ölkə həm də Azərbaycanla tarixi, mədəni və mənəvi bağları son dərəcə güclü olan, xalqımızın qəlbində xüsusi yeri bulunan qardaş ölkədir.
Hətta daha açıq deyim: Orta Asiyada Azərbaycan xalqına özbəklər qədər səmimi və doğma münasibət bəsləyən ikinci bir xalq görmədim.
İslam Kərimovun hakimiyyəti illərində Daşkəndlə yanaşı, Səmərqəndi, Buxaranı, Xivəni və digər tarixi şəhərləri qarış-qarış gəzmiş bir jurnalist kimi bunu əminliklə deyə bilərəm. Özbək xalqının Azərbaycanlılara münasibətində qəribə bir doğmalıq var. Bu, sadəcə diplomatik nəzakət deyil. Bu, protokol çərçivəsində ifadə olunan münasibət də deyil. Bu, insanın davranışında, söhbətində, qonaqpərvərliyində, hətta baxışında hiss olunan bir yaxınlıqdır.
Doğrudur, dil baxımından bizə ən yaxın xalqlardan biri türkmənlərdir. Türkmən dili ilə Azərbaycan dili arasında çox böyük yaxınlıq var. Lakin özbəklərin Azərbaycanla münasibətində tamam başqa bir mənəvi çalar hiss olunur. Onlar bizim mədəniyyətimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə və mentalitetimizə xüsusi rəğbətlə yanaşırlar. Bəzən bu doğmalıq o qədər güclü görünür ki, insan keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkir.
Etiraf etmək lazımdır ki, İslam Kərimovun hakimiyyəti dövründə Azərbaycan-Özbəkistan münasibətləri indiki səviyyədə deyildi. İki ölkə arasında diplomatik münasibətlər mövcud olsa da, əlaqələr daha çox ehtiyatlı, ölçülü və müəyyən mənada formal xarakter daşıyırdı.
Kərimov ümumiyyətlə xarici siyasətdə məsafəli və ehtiyatlı mövqeyi ilə seçilirdi. Bu yanaşma Türkiyə ilə münasibətlərə də təsirsiz ötüşməmişdi. Ona görə də həmin illərdə Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha dinamik inkişaf etməməsi müəyyən mənada həmin dövrün siyasi reallıqları ilə bağlı idi.
Bununla belə, bir məqamı da qeyd etmək lazımdır. Kərimovun hakimiyyəti illərində Özbəkistanın Ermənistanla diplomatik münasibətlər məsələsində tutduğu mövqe Azərbaycanda diqqətlə izlənilirdi. Özbəkistanın Ermənistan ərazisində səfirlik açmaması da müəyyən mənada Bakı üçün əhəmiyyətli siyasi mesaj kimi qəbul olunurdu. Özbəkistan rəhbərliyi bəzi hallarda bu mövqeyini Ermənistanın işğalçılıq siyasətinə münasibəti kontekstində təqdim edirdi.
Yəni münasibətlər bütün potensialına baxmayaraq, həmin dövrdə daha çox siyasi məsafə və ehtiyat üzərində qurulmuşdu.
Sonra isə Özbəkistanda yeni siyasi mərhələ başladı. Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə ölkənin həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Özbəkistanın dünya və xüsusilə region ölkələri ilə münasibətlərində yeni dinamika yarandı. Azərbaycanla əlaqələr də bu prosesdən kənarda qalmadı.
Səmərqənddə hiss etdiyim Azərbaycan
Mənim Özbəkistanla bağlı ən güclü xatirələrimdən biri Səmərqəndlə bağlıdır.
Bu şəhərə ilk dəfə gedəndə məni heyrətləndirən yalnız onun qədimliyi və möhtəşəmliyi olmadı. Səmərqəndin memarlığında Azərbaycan və ümumən türk-islam mədəniyyətinin izlərini görmək insanı tamam başqa duyğulara kökləyir.
Mavi günbəzlər, minarələr, naxışlar, mədrəsələr, daş kitabələr… Sanki tarix burada daşlaşaraq qarşında dayanıb.
Səmərqəndin küçələrində gəzərkən bəzən özümü Orta Asiyada deyil, qədim türk-islam sivilizasiyasının ortasında hiss edirdim. Şəhərin memarlığında Təbriz məktəbinin, Azərbaycan sənətkarlığının və böyük mədəni coğrafiyamızın nəfəsini hiss etmək mümkündür.
Bəlkə də elə buna görə Səmərqənd azərbaycanlı üçün sadəcə tarixi şəhər deyil. Orada insan öz tarixinin uzaqlarda qalmış izləri ilə qarşılaşır.
Əl-Buxarinin məzarını ziyarətim isə tamam başqa xatirədir. Böyük alim, mütəfəkkir və Peyğəmbərimizin hədislərini toplayaraq İslam dünyasının elmi yaddaşına misilsiz töhfə vermiş İmam əl-Buxarinin məzarı önündə dayanmaq özü böyük mənəvi hadisədir. Amma həmin səfərdə məni ən çox təəccübləndirən başqa bir məqam oldu.
Özbək dostlarımız bizi qonaq aparmaq üçün bir-biri ilə, sözün əsl mənasında, mübahisə edirdilər. Kim bizi evinə aparacaq, kim süfrə açacaq, kim qonaqpərvərliyini göstərəcək?
Bu mənzərəni gördükdə insan bir daha anlayır ki, xalqlar arasındakı qardaşlıq yalnız dövlətlərarası sənədlərdə yazılmır. Bəzən onu bir süfrənin arxasında, bir stəkan çayın yanında, bir insanın səmimi davranışında daha aydın görmək mümkündür. Həmin hissləri bu gün sözlə tam ifadə etmək çətindir.
Mən hələ o illərdə bir şeyi çox arzulayırdım: Azərbaycanın Qazaxıstan və Özbəkistanla münasibətləri nə vaxtsa strateji müttəfiqlik səviyyəsinə yüksəlsin.
Qazaxıstanda işlədiyim illərdə Bakı-Astana münasibətlərinin necə sürətlə inkişaf etdiyinin canlı şahidi oldum. Azərbaycanla Qazaxıstan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əlaqələr yeni mərhələyə keçirdi.
Həmin dövrdə düşünürdüm ki, eyni proses gec-tez Azərbaycan-Özbəkistan münasibətlərində də baş verməlidir. Bu gün geriyə baxanda görürəm ki, həmin arzu artıq reallığa çevrilib.
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə tarixinin ən yüksək mərhələlərindən birinə yüksəlib. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti, Mərkəzi Asiyaya verilən strateji əhəmiyyət və Şavkat Mirziyoyevin region ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş siyasəti bu yaxınlaşmanı daha da sürətləndirib.
Bu gün iki ölkə arasında münasibətlər yalnız siyasi dialoqdan ibarət deyil. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən layihələr münasibətlərin artıq tamamilə yeni məzmun qazandığını göstərir.
Ən maraqlısı isə budur ki, bu proses hələ başa çatmayıb. Əksinə, qarşıda daha böyük imkanlar görünür.
Bu gün Orta Asiya əvvəlki Orta Asiya deyil. Region getdikcə daha çox geosiyasi və geoiqtisadi əhəmiyyət qazanır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri, enerji marşrutları, yeni ticarət imkanları və artan investisiya marağı region dövlətlərinin əhəmiyyətini daha da yüksəldir.
Azərbaycan isə bu prosesdə yalnız kənardan müşahidə edən ölkə deyil. Biz artıq bu yeni regional düzənin formalaşmasında fəal iştirak edən dövlətlərdən biriyik.
Xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan arasında artan siyasi və iqtisadi yaxınlıq Xəzərin iki sahilini bir-birinə daha da bağlayır. Azərbaycanla Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafı yalnız ikitərəfli əlaqələrin genişlənməsi demək deyil. Bu, bütövlükdə türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasına xidmət edən prosesdir.
Burada Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl və uzunmüddətli siyasətin rolunu xüsusi qeyd etmək lazımdır.
İlham Əliyevin xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycan yalnız bugünkü reallıqlara deyil, sabahın geosiyasi xəritəsinə də hesablanmış addımlar atır.
Bunun nəticəsini bu gün görürük. Amma hələ ki, yolun əvvəlindəyik. Elə ona görə də məsələnin ən gözəl tərəfi budur ki, bu gün Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin səviyyəsi nə Bakını, nə də Daşkəndi qane edən son nöqtə kimi qəbul olunur. Çünki qarşıda hələ çox böyük layihələr, ideyalar və imkanlar var. Bu isə o deməkdir ki, iki qardaş xalqın münasibətlərində yeni mərhələlər hələ qarşıdadır.
Mən bir jurnalist kimi bu prosesə kənardan baxmıram. Bir vaxtlar Astana və Daşkənd küçələrində dolaşan, bu xalqların Azərbaycan haqqında nə düşündüyünü, bizə necə münasibət bəslədiyini yerində görən biri kimi bu gün baş verənləri xüsusi hisslərlə izləyirəm.
İllər əvvəl arzuladığım mənzərənin tədricən gerçəyə çevrilməsini görmək adamda həm qürur, həm də qəribə bir məmnunluq hissi yaradır.
Çünki dövlətlərarası münasibətlərdə sənədlər imzalanır, müqavilələr bağlanır, layihələr həyata keçirilir. Amma bütün bunların arxasında xalqların bir-birinə olan inamı və sevgisi dayanır. Azərbaycan və Özbəkistan münasibətlərinin ən böyük gücü də məhz budur.
Bizim aramızda yalnız diplomatik münasibətlər yoxdur. Tarix, mədəniyyət, ortaq yaddaş və qardaşlıq var. Və ən əsası, bir-birinə inam var.
Bu gün Orta Asiyada Azərbaycanın nüfuzu artırsa, bunun arxasında illərlə aparılmış ardıcıl siyasət, qurulmuş etimad və formalaşdırılmış tərəfdaşlıq dayanır. Bu prosesdə Azərbaycanla Özbəkistanın yaxınlaşması isə xüsusi əhəmiyyət daşıyır.
Bəlkə də illər sonra bu günlərə qayıdıb deyəcəyik ki, böyük bir tarixi mərhələnin başlanğıcına şahidlik etmişik. Biz isə həmin tarixin canlı şahidləri olmaqla kifayətlənmirik. Onu yaşayırıq.
Və ən gözəli də budur ki, qarşıdakı uğurları, qələbələri və böyük layihələri iki qardaş xalqın insanları yenə bir-biri ilə paylaşacaq. Nə xoş bizə ki, bu tarixi günləri görürük.
Nə şanslıyıq ki, bu qələbələrin sevincini bir-birimizlə bölüşürük.
Qardaş Özbəkistanla münasibətlərimizə bundan sonra da yeni uğurlar, yeni layihələr və yeni tarixi səhifələr nəsib olsun.
Xeyirli-uğurlu olsun, cənablar!
Fadil Paşayev,
Əməkdar jurnalist
