Azərbaycan ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulmasına ümid edir.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan demək olar müharibənin mərkəzindədir:
“Hazırda bizim həm şimalımızda, həm də cənubumuzda olan qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir. Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Xüsusən də, bu məsələdə Pakistanı, dostum Şahbaz Şərifi qeyd etmək istəyirəm. Onlar vasitəçilik baxımından ABŞ və İran arasında böyük iş görüblər. Təəssüf ki, bu, çox çəkmədi. Ancaq yenə də, ümid edirəm ki, hazırkı münaqişənin yenidən başlanması uzun müddətli olmayacaq. Tezliklə münaqişəyə son qoyulmasına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir”.
