Azərbaycan və Çin arasında yeni əməkdaşlıq səhifəsi açılıb.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Çinə dövlət səfərindən və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyanamə imzalandıqdan sonra qarşılıqlı fəaliyyət istiqamətində bir çox addımlar atılıb:
“Biz bundan çox məmnunuq, buna əhəmiyyət veririk. Bu gün Azərbaycanda xeyli Çin şirkəti fəaliyyət göstərir, onların bəziləri sərmayə yatırır, bəziləri infrastruktur layihələrində iştirak edirlər. Mənim Çinə səfərim zamanı bir çox aparıcı şirkət rəhbərləri ilə görüşüm oldu, şadam ki, onların Azərbaycandakı fəaliyyəti artıq öz nəticələrini verir, yeri gəlmişkən, onlar çox effektiv, sürətli və yüksək keyfiyyətli formada işləyirlər”.
“Biz həmçinin əməkdaşlığın yeni səhifəsini açmışıq. Bu, müdafiə sənayesi ilə bağlıdır, Azərbaycan artıq müəyyən hərbi təyinatlı məhsulları alıb, onlardan bəziləri zəfərimizin beşinci ildönümü ilə bağlı hərbi paradda nümayiş olunub. Bəziləri artıq yoldadır, bəziləri ilə bağlı isə müzakirələr aparılır, yəni biz müdafiə, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edirik”, – İlham Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Çindən Azərbaycana və əks istiqamətdə yüklərin həcmi artır:
“Mərkəzi Asiya ölkələri də bu prosesə qoşulub. Bir sözlə, qarşılıqlı münasibətlərimizin tarixi var, çoxtərəfli əməkdaşlıq Orta Dəhliz boyunca yerləşən ölkələrlə inkişaf etdirilir. Azərbaycanda günəş panellərinin istehsalı ilə bağlı zavod tikiləcək. Bu, böyük bir investisiya layihəsidir, bunu Çin şirkəti ilə həyata keçirəcəyik. Bu məhsullar həmçinin ixrac olunacaq”.
