Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dostluq münasibətləri bu əlaqələri daha da yüksək səviyyəyə qaldırıb.
KONKRET.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
“Onu da bildirməliyəm ki, Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Özbəkistan Prezidenti olub. Füzulidə Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilib və biz ikimiz o məktəbin açılışını etmişik. Ondan sonra digər qardaş dövlətlər – Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələr bizə hədiyyələr etmişdir”, – prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Özbəkistanda olanda xalqlar arasındakı yaxınlığa və bağa şahid olur:
“Mən orada yazılara baxanda görürəm ki, heç bir tərcüməyə ehtiyac yoxdur, dillərimiz də bir-birinə bənzəyir, tələffüzdə fərq var, amma hər şey anlaşılır. Bizi çox böyük tarixi əlaqələrimiz birləşdirir, Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritetlərdən biridir”.
İlham Əliyev əlavə edib ki, Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi olan tikiş fabriki də Özbəkistan sərmayesi ilə açılıb:
“Bir çox iqtisadi-sənaye layihələri icra edirik, biz birgə sərmayə fondu yaratmışıq ki, bu fondun dəyəri 500 milyon dollar dəyərindədir. Bu fond həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağında sərmayə qoyur, ümid edirəm ki, yaxın gələcəkdə müjdəli, xoş xəbər alacağıq. Çünki bu gün enerji təhlükəsizliyi, xüsusilə, qaz təchizatı bir çox ölkə üçün önəmlidir, ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq”.
