Pis-yaxşı Rusya Federasiyası ilə bizi çoxillik keçmiş bağlayır və Rusiyanın ictimai-siyasi həyatında baş verən yeniliklər ölkəmizdə də izlənilir. Konkret olaraq müzakirə edəcəyimiz məsələ ipoteka kreditləri ilə bağlıdır. Belə ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ipoteka kreditlərinin verilməsilə bağlı qanunda dəyişikliklər edilməsinə dair hökumətə tapşırıq verib. Dekabrın 15-ə qədər yeni ipoteka qanununda maksimum hədd 2 faiz olacaq.
Azərbaycanın ipoteka bazarında isə bu rəqəm 8 faizdir. Yuz minlərlə evsiz-eşiksiz ailələri, kirayələrdə illərdir ümidlə yaşayan cəmiyyətin digər təbəqələri üçün bu rəqəm göründüyü kimi olduqca çoxdur. Məsələ ilə bağlı bəzi millət vəkillərinin mövqeyini öyrəndik.
Millət vəkili Vahid Əhmədov bildirdi ki, “Putinin bu gostərişini Rusiya mətbuatından mən də oxumuşam. Bizdə hələ ki, elə bir məsələ gözlənilmir. Ola bilsin 2020-ci ilin büdcəsi müzakirə olunanda bu məsələyə baxılsın. Bu tək İpoteka Fondu ilə deyil, həm də banklarla əlaqəli məsələdir. Ona görə də məsələyə kompleks şəkildə yanaşılmalıdır. Düzdür, bizdə faiz dərəcəsi coxdur. Münasib rəqəm olarsa, bu, vətəndaşlarımızınn, gənc ailələrin xeyrinə olar. Vətəndaşlardan bu məsələ ilə bağlı bizə müraciət edənlər çoxdur. Aktual mövzudur. Mətbuatdakı çıxışlarımda da tez-tez vurğulamışam ki, şərtlər dəyişilməlidir, həddən artıq boş evlər çoxdur, satılmayan evlər də var. Ona görə də burada güzəştlərə getməyə ehtiyac var”.
Milli Məclisin üzvü Fazil Mustafa isə vurğuladı ki, “Bizdə səkkiz faiz, hətta bəzi məqamlarda daha cox olur. İpoteka bazarında faiz dərəcəsi cox ağırdır. Ölkəmizdə demək olar ki, ipoteka siyasəti vətəndaşın problemini həll etmir. Mütləq faiz dərəcələri aşağı salınmalıdır ki, vətəndaş mənzil-məişət probleminin əsas hissəsini həll edə bilsin. Əlbəttə, bu baxımdan təqdirəlayiq hal olar ki, faiz dərəcələri endirilsin. Məsələnin parlamentdə də müzakirəyə çıxarılması mümkündür”.
Elman ŞİRMƏMMƏDOV
