İran Xarici İşlər Nazirliyi ABŞ nümayəndələri ilə Qətərin paytaxtı Dohada yaxın günlərdə hər hansı danışıqların keçiriləcəyi barədə yayılan məlumatları rəsmən təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib ki, tərəflər arasında hələlik yekun razılaşma üçün danışıqlar mərhələsi başlamayıb.
KONKRET.az xəbər verir ki, İsmayıl Baqai bildirib ki, yaxın günlərdə Amerika tərəfi ilə heç bir səviyyədə danışıqlar görüşü planlaşdırılmayıb. O, ABŞ nümayəndələrinin Qətərə səfərinin İran nümayəndə heyətinin səfəri ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. İran Dohaya rəsmi danışıqlar üçün deyil, yalnız memorandumun müddəalarının icrasına nəzarət etmək məqsədilə ekspert qrupu göndərir. Bu səfərin əsas prioriteti memorandumun müddəalarına əsasən İranın dondurulmuş aktivlərinin blokunun açılması prosesinin izlənilməsidir.
Nazirlik nümayəndəsi vurğulayıb ki, Tehranın hazırkı prioriteti məhz əldə edilmiş razılaşmaların icrasına əmin olmaqdır və İran bu tələblərinin yerinə yetirilməsinə israrla çalışır. Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp və Ağ Ev rəsmiləri iyunun 30-da Dohada İran nümayəndələri ilə görüşün planlaşdırıldığını bəyan etmişdilər. ABŞ tərəfi görüşdə Cared Kuşner və Stiv Uitkoffun iştirak edəcəyini açıqlasa da, Tehran bu məlumatları rəsmi şəkildə inkar edib. Beləliklə, İran tərəfi hər hansı siyasi danışıqların deyil, yalnız məhdud texniki-ekspert monitorinqinin keçiriləcəyini təsdiqləyərək, Vaşinqtonla dialoq iddialarını arxa plana keçirib.
Natiq Səlim,
KONKRET.az
