İran Qafanda Konsulluq açmaq istəyir.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, İran Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində bu il Konsulluq aça bilər.
Bu barədə Qafan meri Gevorq Parsyan fikir səsləndirib.
Məlumata görə, aprel ayında İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri Sünik (Zəngəzur) qubernatoru Robert Qukasyan və Qafan rəhbəri ilə görüşüb. Görüş zamanı səfir konsulu Ermənistan tərəfinə təqdim edib. Eyni zamanda iranlı diplomatlar konsulluğun tikintisi üçün yerlərə baxış keçirib:
“Biz səfirə və konsula bir neçə yer təklif etmişik, indi bu məsələlər dəqiqləşmə mərhələsindədir. Biz Qafanda konsulluğun fəaliyyətə hazır olduğunu görürük”, – Parsyan vurğulayıb.
Qafan merinin sözlərinə görə, bu il konsulluğun açılması nəzərdə tutulur. O əlavə edib ki, Zəngəzur vilayətində konsulluğun açılması Ermənistanın sərhədyanı rayonları ilə İranın Təbriz və Qərbi Azərbaycan əyalətləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradacaq və qarşılıqlı ticarətin həcmini artıracaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
