İran Hörmüz boğazının açılması üçün ABŞ-ın Tehran qarşısında irəli sürdüyü təklifləri qəbul etməyib.
KONKRET.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehranın İslamabad razılaşmasına əsaslanan yeddi şərti tam yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq.
Onun sözlərinə görə, ABŞ mediada fərqli ritorika nümayiş etdirsə də, son vaxtlar vasitəçilər üzərindən İrana yeni təkliflər göndərib. Qalibaf İranın mövqeyinin “tamamilə şəffaf və qəti” olduğunu vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə ABŞ-ın nüvə proqramı üzrə danışıqları yenidən başlatmaq təklifinin Tehran tərəfindən rədd edildiyini açıqlayıb.
Bəqai bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin bərpası üçün ABŞ İranın kommersiya gəmiçiliyinə qoyulan məhdudiyyətləri aradan qaldırmalı, birtərəfli və son dövrdə tətbiq edilmiş sanksiyaları ləğv etməli, hərbi müdaxilələri dayandırmalıdır.
Tehran bununla ABŞ-a danışıqların əvvəlki şərtlərlə davam etdirilməyəcəyinə dair açıq mesaj verib.
KONKRET.az
