İran “Məkkə sazişi” kimi tanınan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın kollektiv müdafiə haqqında razılaşmasına qoşulmağa dəvət alıb.
KONKRET.az xəbər verir ki, bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi “Al Mayadeen” telekanalına müsahibəsində deyib. Rəhiminin sözlərinə görə, Tehran hazırda bu təklifi nəzərdən keçirir.
İranlı rəsmi region ölkələrinin vahid “təhlükəsizlik çətiri” yaratmaq istiqamətində səylərini “İranın qələbəsi” kimi qiymətləndirib. O, bildirib ki, Tehran uzun müddətdir regionda belə bir təhlükəsizlik mexanizminin yaradılmasını müdafiə edir.
Rəhimi, həmçinin ABŞ-ın İranla münaqişəsində Vaşinqtona yardım edən istənilən ölkənin bunun nəticələri ilə üzləşəcəyini vurğulayıb.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkədə birgə müdafiə sazişi imzalayıblar. Razılaşmaya əsasən, üç ölkədən birinə qarşı silahlı hücum bütün iştirakçılara qarşı hücum kimi qiymətləndiriləcək.
Bununla belə, İranın sazişə qoşulmaq üçün dəvət aldığı barədə məlumat hələlik Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Günay Əli
KONKRET.az
