İranın Xarici İşlər Nazirliyi bildirib ki, ölkə sahillərinə xarici hərbi gəmilərin yaxınlaşması Tehranın müdafiə strategiyasına və diplomatiyaya yanaşmasına heç bir təsir göstərməyəcək.
KONKRET.az xəbər verir ki, bu açıqlama ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısının Yaxın Şərqə çatması ilə bağlı yayılan xəbərlərə cavab olaraq verilib.
Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqayi qeyd edib ki, İran heç vaxt müharibəni alqışlamayıb və diplomatiyadan uzaq durmayıb:
“Bizim mövqeyimiz aydındır. Biz heç vaxt müharibəni istəməmişik və danışıqlardan yayınmamışıq. Bu, praktiki sübut olunub”, – deyə o vurğulayıb.
Bəqayi əlavə edib ki, xarici hərbi gəmilərin bölgədə görünməsi İranın qətiyyətinə təsir göstərmir və ölkə özünü müdafiə etməyə tam hazırdır. Onun sözlərinə görə, Tehran xalqın dəstəyi ilə bütün imkanlara malikdir.
“Əvvəlki təcrübəni nəzərə alsaq, xüsusilə 2025-ci ilin iyun ayında baş verən qəhrəmanlıq döyüşlərini düşünsək, İslam Respublikası hər hansı təcavüzə hərtərəfli və sarsıdıcı cavab verəcək”, – deyə rəsmi nümayəndə bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcı qrupunun İran sahillərinə yaxınlaşdığı barədə məlumat yayılmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
