Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti” agentliyinə müsahibə verib. O, müsahibəsində “Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində rolu nədir?” sualına cavab verib.
KONKRET.az həmin cavabı sizə təqdim edir:
“Rusiya həmişə fəal vasitəçi mövqe tutub. Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək şərtsiz xarici siyasət prioritetlərimizdən biridir. Qarabağ məsələsi Rusiya prezidentinin, xarici işlər nazirinin daim diqqət mərkəzindədir. Bu hal, davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir, nəticələrinə artan diqqəti müəyyənləşdirir. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs Sazişi var. Ölkəmizin vasitəçilik səylərindəki vacib addım 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə aid olan Moskva Bəyannaməsinin qəbul edilməsi oldu.
Bu, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan bu günə qədər olan yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında həlledici rol oynadı.
Vasitəçilik missiyamızı Fransa və Amerika tərəfdaşları ilə sıx əlaqədə həyata keçiririk. Keçən ilin aprel ayında Moskvada Sergey Lavrov, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də qatıldığı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etdi.
Ötən il Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında əldə olunmuş razılaşmalara söykənmək üçün, tənzimlənmənin mahiyyəti üzrə danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər hazırlanmışdır. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində həbsdə olan şəxslərin taleyinin asanlaşdırılması məsələləri var.
Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, tənzimlənmənin bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilmişdir. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvan ilə Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi.
Tutulan Zaven Karapetyan və İlvin İbrahimov geri qaytarıldı. Digər məhkumlar üzərində iş davam edir. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki son iclasında müzakirə edildi.
Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün bir əsas var. Əsas odur ki, siyasi iradə göstərməkdir”.
Babək Göyüş
KONKRET.az
